– Qatıq, qatıq, – deyə uşaqlara döndü.
Qatıq yox idi. O, çaparaq kəndə tərəf yollandı. Atın belində xırmandan uzaqlaşan mübaşir Məmmədi harayladı. Mübaşir çiyninin üstündən ona tərəf baxıb, atı məhmizlədi. Musa kişi ondan imdad olmayacağını görüb qayıtdı. Həsənalının qıçı şişməyə başlayırdı. Musa kişi kəndə gedib gələnə qədər gec olacağını düşünərək onu eşşəyin belinə sarımaq istədi. Lakin Həsənalı etiraz etdi. Getdikcə şişi artan qıçını göstərib təcili əlac istədi. Arvad və uşaqlar baş-gözünü yola-yola nalə edirdilər. Firidun:
– Musa dayı, həkim, həkim tap! – deyib səsləndi, Musa kişi əlini havada oynatdı:
– Ay rəhmətlik oğlu, bu xarabada həkimin nə işi var!
Artıq şiş xeyli yuxarı işləmişdi. Bunu görən Həsənalı nə isə qəti qərara gəlmiş kimi üzünü Musa kişiyə tutdu:
– Bircə xəncərdən-zaddan tap, dizdən qıçımı kəsmək lazımdır!
Heç kəsin əli gəlmədi. Həsənalı üzlərdəki donuqluğu görüb təlaşla səsləndi:
– Nə qədər gec deyil, kəsin. Balta ilə də olsa, kəsin! – dedi və əsəbiliklə arvadına tərəf səsləndi:
– Nə şivən qoparmısan, kiri... O uşaqların da səsini kəs!
Bir anda uşaqlar da, arvad da susdu. Haradansa iti bir balta tapdılar. Həsənalı qıçını xırman ayağındakı uzunsov daşın üstündən aşırdı.
– Vur, bircə zərbə ilə üz!
Kim baltanı qaldırdısa, “uf, əlim gəlmir” deyib yerə qoydu. Şiş artıq dizə yaxınlaşırdı. Həsənalı bir də ufultu ilə ağlayan arvadına və uşaqlarına təpinib üzünü kənarda durmuş bir kəndliyə tutdu:
– Qəssab Alı, niyə durmusan, mənim ölümümü ki istəmirsən, götür baltanı çırp bura!..
Qəssab Alı bir söz deməyib adamları itələdi və baltanı götürdü. Hərləyib qaldıranda hamı başını yana tutdu. Bir zərbə ilə Həsənalının qıçının dizdən üzüb kənara atdı:
– Tez əsgi yandırıb basın, – dedi, yaşarmış gözlərini sıxaraq cəld uzaqlaşdı.
Firidun da dayana bilməyib qəmgin bir halda xırmanlarına döndü. Şikəst Həsənalının və onsuz da ehtiyac içərisində əzilən uşaqlarının gələcəyini düşündü:
– Bədbəxt millət, bədbəxt millət! – deyib, köksünü ötürdü.
Öz-özünə: – Kənddən qaçmaq lazımdır, – dedi, – burada dərddən, qüssədən başqa, bir şey yoxdur!