– Ha, ha, dədəm sənə qurban, ha...
... Firidun vəlin üstündə idi. Sübhdən işləyən və istidən üzülüb taqətdən düşmüş öküzlər zorla hərəkət edirdilər. Firidun özü də bərk yorulmuşdu. Musa dayı, Səriyyə xala və uşaqlar da işləyirdilər. Onlar sovuq atır, taxılı xəlbirləyir, xırmanı təmizləyirdilər. Ayaz sovuruq atan atasına kömək edirdi. Musa kişi məhəbbət və ümid dolu nəzərlərlə ona baxıb: “Düşmən toxmağıdır, Allah saxlasın, – deyirdi, – bu günsabah yekə oğlan olub əlimdən tutacaq”. Bu sözləri eşidən uşaq daha da ciddiyyətlə işləyir və atasının onu böyük yerində qoymasından sevinirdi.
Bir azdan sonra Firidun yorğun halda tərdən islanmış öküzləri açaraq, ot tayasının kölgəsinə gətirdi. Musa kişi yaş ot bağlarından birini açıb, onların qabağına tökdü və:
– Ha, dədəm sizə qurban, – deyib boyunlarını tumarladı.
... Gülnaz saxsı bardaqdakı qatıqdan mis kasaya töküb ucu yeyilmiş taxta qaşıqla çalmağa başladı. Onun içinə çörək, göy soğan, xiyar və bulaq yarpızı doğradı. Yenə taxta qaşıqla çaldı. Kuzədən su töküb ovduq düzəltdi və Musa kişi ilə Firidunun qabağına qoydu. Onlar sükut içində ovduqdan bir az yemişdilər ki, Həsənalının çığırtısını eşitdilər:
– Köməyə gəlin!.. Kafir məni öldürdü.
Yerlərdən sıçrayıb onun yanına qaçdılar. Həsənalı balağı dizindən azca aşağı bez tumanını bərk-bərk buduna sıxaraq qışqırırdı:
– Gürzə çaldı, gürzə çaldı!
Gürzə onu yalın ayağının dalından, topuğundan çalmışdı. İlan dərzlərin arasında yatmış imiş. Həsənalı su kuzəsini götürən yerdə üstünə atılmışdı. Kişi ümidsizlik içərisində özünü itirmişdi. Nə etmək lazım gəldiyini bilmirdi.