O gündən anası bir daha ağlamamışdı. Lakin hər gün bir az da çox solmağa-saralmağa başlamışdı: qüssə onun içini yeyirdi. Tehrana atıldıqlarının üçüncü ayı elə beləcə sakit bir şam kimi arvad sönüb getdi. Bu, Firidunun həyatında ən ağır xatirələrdən biri idi.
Tehranda onlar çox çətinlik çəkdilər. Bir neçə gün bazar ayağında qaldılar, sonra kiçik bir otaq kirayə etdilər. Atası iş tapa bilmədiyi üçün getdikcə əndişələri artırdı. Lakin xoşbəxtlikdən, o, xudmani bir bağı və həyəti olan yaxşı br adama rast gəldi; bu, ata-baba tehranlı olan, təqribən altmış beş-yetmiş yaşlı qoca bir müəllim idi. Firidunun atası bir ilin ərzində bağın səliqəsini dəyişdi. Yeni ağaclar saldı, yaxşı güllüklər düzəltdi, cürbəcür peyvənd etdi. Müəllim ondan çox razı qaldı. Birinci aylar Firidun atasına kömək edərdi.
Lakin bu səadət uzun sürmədi. Tehrana gəldiklərinin üçüncü yayında atası qarın yatalağı ilə naxoşladı və naxoşluğun yeddinci günü xəstəxanada vəfat etdi. Firidun tək qaldı. Təbiətən və tərbiyəsinə görə insanpərvər olan qoca müəllim onu küçələrə atmadı, oxutdu. Şəhərdə minlərlə yetim və başsız uşaqları görən Firidunun qəlbi bu müəllimə ömrü boyu unutmayacağı bir minnətdarlıqla dolu idi.
Ögey qardaşı uşaqlarından başqa, heç kəsi olmayan bu müəllim xəyalpərvər bir adam idi. O, dünyadakı bütün fəlakətlərin səbəbini cəhalətdə görürdü.
Firidun bir il Təbrizdə işlədi. İkinci ili bu qərara gəldi ki, başqalarının gözünü açmaq üçün hələ daha artıq biliyə möhtacdır. Buna görə də darülfünuna daxil olmaq fikri ilə Tehrana qayıtdı. İlk əvvəl ona atalıq etmiş qocanın yanına getməyi özünə borc bildi. Böyük həyətin taxta qapısındakı dəmiri döydü. Tezliklə qapı açıldı və qabağına tanımadığı bir adam çıxdı. Üst-başından nökərə oxşayan bu adam Firidunun həyəcanlı suallarına qarşı laqeyd və adi bir səslə müəllimin altı ay qabaq öldüyünü və mülkünə qardaşı uşaqlarının sahib olduğunu bildirdi. Bir anda sanki böyük bir şəhər Firiduna tamamən yabançı və düşmən göründü. Qoca müəllimin, ata və anasının qəbrini ziyarət etdikdən sonra Təbrizə qayıtmaq istədi, lakin tezliklə bu fikirdən əl çəkdi. Yayda Təbrizdə nə edə bilərdi? Kəndə, dayısı Musa kişinin yanına getməyi qərara aldı. Yayı orada işlər və payız üçün bir şey düzəldib Tehrana qayıdardı...
Gecə öz pərdəsini yığıb gedir, dan yeri sökülürdü. Firidun Musa dayının “Allahuəkbər” səsinə yuxudan ayıldı. Hava sakit idi. Axşamdan əsən meh gecə yarısı kəsilmişdi. Buna baxmayaraq, çöllərdən, təpələrdən, hələ biçilib qurtarmamış və başını aşağı dikmiş zəmilərdən yüngül və sərin bir hava otların iyini, sünbüllərin qoxusunu xırmana gətirirdi.
Nə üfüqlərdə, nə də göy üzündə bir tikə bulud yox idi. Mavi boşluqlar göz işlədikcə uzanıb gedirdi. Gündüz çox isti olacaqdı.
Firidun qalxıb üst-başını təmizlədi, gecənin ayazında buz kimi olmuş kuzənin suyu ilə əl-üzünü yudu. Sanki ona yeni bir həyat gəldi.