O gah qarşısına çıxan hər şeyi vurub dağıdacaq bir dəli, gah da hər şeyə laqeyd münasibət bəsləyən sadəlövh bir sarsaq kimi hərəkət edirdi. On iki yaşlı oğlu isə atasının əksinə olaraq, çox aydın xasiyyətə malik idi; bu, dalaşan, vurub sındıran, hay basıb ağlayan, qəhqəhə çəkib gülən zırrama bir dəli idi. Ərköyünlük və kütlüyün bir nümunəsi olan bu uşaqda ağıl və düşüncənin əlaməti belə yox idi. Dörd il məktəbə getdiyinə baxmayaraq, o, hələ də əlifbanı öyrənə bilməmişdi. Əlinə gələn şeyi vurub sındırar, istədiyi adamın başına çırpar, üzünə tüpürərdi. Heç kəs ona bir söz deyə bilməzdi. Bağa köçdüklərinin üçüncü günü o, Firidunu gizlənpaç oynamağa çağırmışdı. Beşcə dəqiqə keçməmiş dəcəlliyə başlayıb bir kötüyü Firidunun başına endirmək istəmişdi. Firidun kötüyü onun əlindən almış və qarnına bir təpik vurub yerə sərmişdi. O, motal kimi yıxıldığı yerdə düşüb qalmışdı. Nəriltisinə həyətə qaçışan adamların içində ərbab da vardı. Ərbab gözü qızmış dəvə kimi özünü Firidunun üstünə atmışdı. Lakin Firidun cəld arxın o tayına atıldıqda ərbab da üzü üstə yerə dəymişdi.
– Ay uşaq, tutun bu vələdüznanı!
Nökərlər Firidunun dalınca tökülüşmüşdülər. Firidun ağacdan-ağaca yel kimi uçaraq hasarı o taya aşmışdı. Bu zaman yerindən durub ətəyini çırpan ərbab Firidunun atasını yanına çağırmışdı.
– A kişi, sənin gözündən xəyanət tökülür!
Firidunun atası pambıq kimi ağarmışdı.
– Ağa, yüz ildir, bu torpaqda qulluq edirik, on sənin kimi ərbab yola salmışıq, heç biri də bizdən xəyanət görməyib!
– Yox, sən xain adamsan, şələ-şüləni yığışdır, buralarda izini-tozunu görməyim.
Firidunun atası başqa bir yerdə işləmək istəmişdi. Lakin, əvvəla, bir ərbabın qovduğu adama başqa ərbablar iş vermək istəməmişdilər. İkinci də, həmin ərbab Azərşəhrdən çıxmasa, işin uzun sürəcəyini kişinin qulağına çatdırmışdı. Elə o günücə Firidungil doğma torpağı tərk etmişdilər.
Azərşəhrdən ayrıldıqları gündən Firidun ata və anasının üzündə dərin bir kədər görürdü. Onlar çox fikirli idilər. Zahirən təmkinli və mülayim olmağa çalışsalar da, gizlin iztirab və əndişələrini gizlədə bilmirdilər. Firidun xüsusən anasının çox sıxıldığını hiss edirdi: arvad torpaqdan qoparılmış bənövşə kimi hər an, hər dəqiqə şikayət etmədən sakitcə saralıb-solurdu. Bir gecə uzun yoldan sonra hansı bir karvansaradasa şirin yatdıqları zaman laylaya oxşar bir ağlama səsinə Firidun yuxudan ayılmışdı: anası onun başını dizi üstə alaraq oturmuşdu. Firidun dərhal anasının boynuna sarılaraq bərk yatmış atasını oyatmamaq üçün yavaşcadan:
– Ana can, ağlama! Sən allah, ağlama! – demişdi.