Firidunun atası da, babası da burada doğulmuşdu. Anası hər il mart ayında Novruz bayramı qabağı daxmanın qapı tərəfdən çöl divarlarını ağardar, içəridəki yırtıq kilim və yorğan-döşəyi çırpıb təmizləyərdi. Belə yoxsul yaşasalar da, onlar özlərini xoşbəxt hesab edərdilər; bir tikə çörək üçün hələ onların nəslindən heç kəs başqasına əl açmamışdı. Pis-yaxşı, hər il qışı yaza çıxarar və beləliklə, aclıq nə olduğunu bilməzdilər. Bu yaşda artıq Firidun atasının əlinin altında işləyir, meynələrin dibini boşaldır, ağacları peyvənd edə bilirdi. Yay ayları Azərşəhrə gələn ərbab uşaqlarından o, əlifbanı da öyrənə bilmişdi. Atası onun vərəqləri cırılmış birinci sinif kitablarındakı hekayələri höccələyərək oxuduğunu gördükdə alnından öpmüş və iftixarla: “Bu uşaqdan bir şey çıxacaq”, – demişdi. Hətta o, bir qədər pul yığıb Firidunu Təbrizə və ya Tehrana oxumağa göndərmək fikrinə düşmüşdü.
Lakin tezliklə bu xəyalından əl çəkməli oldu. Tehrana köçən köhnə tacir Azərşəhrdəki malikanəsini satdı. Yeni ərbab çox qəribə xasiyyətə malik idi. Onun hərəkət və danışıqlarında, insanlara münasibətində möhkəm və sabit heç bir şey yox idi.