Hekayədən seçilmiş cümlələr | Əlavə edilən bədii təsvir və ifadə vasitələri | |||||
Epitet | Təşbeh | Metafor | Metonimiya | Bədii sual | Mübaliğə | |
İkinci Dünya müharibəsinin ən qızğın çağında qələmə alınan bu əsərdə geniş müharibə səhnələri verilməsə də, oxucuda ədalətsiz müharibəyə, onu törədənlərə qarşı güclü qəzəb, nifrət duyğusu oyanır. Əsərdə bir-birinə zidd olan iki aləm üz-üzə qoyulur: dinc həyat və müharibə. Dinc həyat yalnız əsgər xatirələrində mövcuddur: “Qapımızdan keçən su arxının başında oynardım, söyüd yarpaqlarından əsən xəfif küləklər daraq görməmiş saçaq kimi dolaşıq saçlarımı üzümə tökərdi”. Müharibə isə gerçək və amansızdır: “Güman edirdim ki, bu atılan güllələrdən biri də mənəm, gurultunu qoparan da mənəm, gündüzün boz və kəsif üfüqlərinə bir bayraq kimi açılıb-örtülən alov da mənəm”. Dinc həyatın, əziz xatirələrin, müqəddəs hislərin qorunması istəyi hekayənin mahiyyətini, mənasını təşkil edir.
Əsərin oxunaqlı və təsirli olmasının bir mühüm səbəbi bədiiliyin imkanlarından məharətlə istifadə olunmasıdır. Bu ustalıq bədii təsvir və ifadə vasitələrinin (“hissiz sükut”, “məgər xəyal onları gətirib yetirə bilərmi?” və s.) işlənməsində özünü daha qabarıq büruzə verir. Əsərin üzərində müşahidələrinizi davam etdirin, mətnaltı mənalara diqqət yetirməklə yazıçının niyyətini, hekayənin bədiiliyini təmin edən vasitələri aşkara çıxarmağa çalışın.