Mənim gəlməyim onun üçün yox, xəstə yoldaşlarım üçün də bir bayram oldu. Şəhərimizdən, yollardan, əkindən, məhsuldan suallar verirdilər. Nəsrəddin ikilikdə söhbət üçün məni kənara çəkdi. Torpaq üstündə dirsəklənib oturduq. Mən gördüklərimin hamısını nağıl etdim. Bıçağı çıxarıb bağlamanı açmaq istədim.
Nəsrəddin mane oldu:
– Qoymaram, – dedi.
– Yeməli şeydir, xarab ola bilər.
– Lətifsiz açmayacaqsan.
Nəsrəddinin sözü qabağımı kəsdi, bıçağı qatlayıb cibimə qoydum.
– Elə isə dur, – dedi, – dur, onun yanına gedək.
Nəsrəddinin ucaboylu, zabitəli bir həkimi var idi. Başqaları həkim olub orduya gəlmişdilər, bu adam tibb təhsilindən əvvəl mükəmməl hərb adamı, böyük komandir imiş. Rəsmiyyəti çox sevirdi. Xəstələr və ya bacılar ondan bir güzəşt xahiş etməli olanda ümidsiz əllərini tovlayırdılar. Buna görə də Nəsrəddin xahiş etmək istəmirdi.
Mən həkimi “yumşaltmağı” boynuma aldım. Gözlədim. O, otağından çıxanda rəsmi vəziyyət alıb məqsədimizi söylədim.
– Sabah nahardan sonra yarım saat gedə bilər, – deyə o, icazə verdi.
Həkim bunu deyib ötdü. Mən sabaha qala bilməyəcəyimi deməyə israr etməyə macal tapmadım. Mən bu gün Lətifin yanına getdim. Lətif ağır xəstəlikdən təzə ayılırdı. Rəngi-rufu qalmamışdı. Məni görəndə sevincindən ağladı. Məni də qəhərləndirdi. Narahat etməyim deyə tez durdum. Bağlamanı onun yanına qoyub çıxdım.
Lətifin sağalıb hissəmizə qayıtmağı iki ay yarım çəkdi. Bu müddətdə anaların bağlaması gah onun çarpayısı başında, gah təcili yardım arabasında, gah istehkamda qaldı. Lakin açılmadı. Ancaq Lətif gələndən sonra üç səmimi yoldaş oturub sovqatı açdıq. Burada albuxara, kişmiş, fındıqdan tutmuş Ordubad almasına qədər vardı. Yeməli şeylərin altında adama bir əl dəsmalı, bir ətirli sabun, adama bir cüt toxunma əlcək var idi.
Əlcəkləri əlimizə taxdıq. Anamın sözü mənim qulağımda cingildədi: “Bir oturun, bir gəzin, bir vuruşun!”
– Uşaqlar, – dedim, – bu əlcəklərdə analarımızın mehribanlıq istisi, vətənimizin dostluq sədaqətinin, birliyinin hərarəti var. Əllərimizə baxıb analarımızın bizimlə, yanımızda olduqlarını hiss edirik. Onların mehriban ana nəfəsi bizi bəsləmiş, böyütmüşdür, bizi döyüşə də, qələbəyə də aparacaqdır.
Lətif də, Nəsrəddin də ananın sözlərini təkrar etdilər:
– Bir gəzək, bir vuruşaq!
– Qoyun, – dedim, – analarımızın surəti gözümüzün önündə, səsi qulağımızda, əli ürəyimizdə olsun. Qoyun onlar oxşayıcı, məhrəm əllərini həmişə bizim yaralarımızın üstünə çəkib sağaltsınlar. Sağ olaq, torpağımıza soxulan təcavüzkarları məhv edək! Analarımız sevinsin, arxayın yaşasınlar. Ana Vətən bizdən razı qalsın.