Yəqin etdim ki, anam yenə nəsə göndərir, istədim anamın cəbhə sovqatını açım, dəymədim. Kitab şkafının şüşələri tərtəmiz silinmişdi. Gələn qəzet və jurnallar sahmanla şkafın bir gözünə yığılmışdı. Anladım ki, anam bunları mənə saxlayır - oxumamış qəzeti o tərk etməz.
Evin hər tərəfində bir qayğı əli gəzirdi. Bu, əməksevən və zəhmətdən həzz alan əsgər anasının əli idi. O, hər qədəmi oğul yolunda atırdı.
Bunların hamısı mənə aydın idi. Lakin anlaya bilmədim ki, anam evin açarını nə üçün həyətdə, xəlvət bir yerdə qoyub gedir. Qapını özündən başqa kimsə açmayacaq, bəs açarı kimə etibar edir?
... Anam mənim bu sualıma köksünü ötürərək cavab verdi:
– Bala, – dedi, – çox vaxt səninlə oturub söhbət eləyirdim. Sən cəbhədə, bəlkə də, atışmadasan. Mən burada bardaş qurub səni körpə çağında görürəm, dindirirəm, danışırsan, oynayırsan... Açar orada dursun. Mən onu yaxşı niyyətlə qoyuram. Elə bilirəm evimizdəsən. Sənin səfərin uğurlu səfərdir. Ürəyim mənə deyir ki, sən işdən qayıdanacan oğlun gələr, qapıda qalar. Açarı qoy get... Gördün ki! Niyyətim düz çıxdı, Allah düz adama niyyətinə görə verər. Şükür ki, gəldin çıxdın!
Anam danışdıqca mənim ürəyim genişlənir, iftixar hissim alovlanırdı. Ürəyimdə deyirdim: “Bəşəriyyət hamısı analar qəlbi ilə yaşasaydı, dünya başdan-başa bir cənnət olardı. Bunların duyğusu, arzusu, xeyirxahlıq və mərhəmət dolu ürəkləri həmişə bizimlə, cəbhəçilərlədir. Bu müqəddəs qəlb sahiblərinin keşiyində durana zaval yoxdur!”
Vətənin hava və sularındanmı, adamlarımızın “cəbhəçidir”, deyə mənə göstərdikləri qonaqpərəstlikdənmi, görüş sevincindənmi, nədənsə, mən çox tez dirçəldim. Özümü əvvəlkindən də möhkəm hiss etdim. Sağaldıqca, qüvvətə gəldikcə təkrar cəbhəyə qayıtmaq arzusu məndə alovlanırdı. Nəhayət, anam məni yola salmalı olduğuna inanandan sonra Nəsrəddinin də, Lətifin də anasını çağırdı. İstirahət günü bizim evimiz səfər evinə oxşayırdı. Hərə bir sovqat bağlayıb gətirmişdi. Mən ha yalvardım ki, canım, bunların heç birinə ehtiyac yoxdur, bunu aparmaq özü çətin işdir, buraxmırdılar. Corab gətirən, papiros alan, fətir bişirən, xörək hazırlayan kim... Anam məndən xəlvəti bir qutu bağlamışdı.
– Bala, – deyirdi, – bu, üçünüzün payıdır, açmazsan. Yetirən kimi Nəsrəddini, Lətifi çağırarsan, açarsınız. Bu, üç ananın səliqəsidir. Bir açın, bir oturun, bir yeyin, bir gəzin, bir vuruşun!
Cəbhəyə qayıdanda hərbi mütəxəssislər məni böyütmək, başqa yerə, yeni vəzifəyə göndərmək fikrində idilər. Mən yoldaşlarımdan ayrılmayım deyə bundan yayındım, öz hissəmizə gəldim. Təəssüf ki, yoldaşlarımın heç birini yerində tapmadım. Nəsrəddinin iki gün əvvəl yaralandığını, səhra xəstəxanasına götürüldüyünü deyirdilərsə, Lətif haqqında açıq danışmırdılar. Mən dərhal komissarın yanına getdim, təlaşımı görüb, mənə iki sətirlik bir yazı göstərdi. Orada savadlı bir əl rusca yazmışdı: “Demişdim, elə də oldu: döyüşçü ölməyəcəkdir!”
Mən yazını oxuyub komissarın üzünə baxdım. Nəzərlərimlə soruşurdum. Nə soruşduğumu komissar bilmirdi:
– Həkim yazır, – dedi, – Lətifin sağalmağına ümidimiz yox idi.
Köks qəfəsinə iki güllə, bir mina qəlpəsi dəyib, ciyərinin başı zədələnib. Amma həkim Qiyaslı ümid verirdi. İndi isə Lətifin sağalmağı müəyyəndir.
İki ay əvvəl mənim yanıma gələn yoldaşlarımı axtarıb görüşmək üçün icazə aldım. Ən əziz sovqatı, anaların verdiyi bağlamanı səhra xəstəxanasına gedən maşınların birinə atdım. Əvvəl Nəsrəddini tapdım. O, isti bir xalat geymiş, həyətdə gəzmirdi. Yarası qolundan idi, həm də yüngül idi.