Bu sözü deyəndə onların hər ikisi qızardı, gülümsədi, mənim gözlərimə baxdı. Mən bunun mənasını yaxşı anlayırdım. Onlar onillərə bərabər olan bir neçə aylıq cəbhə həyatından aldıqları duyğu və təsəvvürlərini yaxın adamlarına çatdırmaq istəyirdilər.
Bacı Nəsrəddinin qarşısında dayanıb xahiş edirdi. Nəsrəddin isə gözünü məndən ayırmırdı:
– Səndən, – deyirdi, – heç nə istəmirəm. Bizim evə get, mənim yazı stolumun başında otur, kitablarıma, kağızlarıma fikir ver, gör qoyub gəldiyim kimidirmi? Gör mənə kağız-zad yazan,
Lətif Nəsrəddinə macal vermədi:
– Özün bilirsən də, nə deyim. Arvad eşitsə, birbaş yanına gələcək. Bu şəkli ver, deyinən nigaran olmasın. Bacarsan, bir bizim məktəbə dəy. Gör Ədil müəllim oradadırmı? Gör yenə dərslər qaydasındadırmı? Uşaqlarını yadına salırmı? Gedən kim, qalan kim? Mənim ünvanımı direktora, Ədil müəllimə ver, bəlkə, məktub yazan oldu.
Nəsrəddin bir şey xatırlamış kimi Lətifə mane oldu:
– Get bizdə də bir-iki gün qal. Qoy anam da oğul səsi eşitsin. Yəqin, hazırlıq görəcək. Nahardan sonra mənim tarımı al, tozunu sil, bağrına bas, bir çargah başla. İnan ki, üstümə yüz topdan güllə yağsa da, mən burada çargahın səsini eşidəcəyəm...
Lətif tapşırırdı:
– Kəndə gələndə kövşənə, Dişli qaya tərəfə çıx. Durnagözlü bulaqdan ovucla, mənim əvəzimə iç. Yazdır. Otur, bir quşları dinlə. Gör onlar nə deyir: dünyanın bu işləri onların mahnısına kar eləyir, ya yox? Yaşıl yamacdan dəstə tut. Lalə, bənövşə, nərgiz, nanə, xətmi, nilufər – nə desən, taparsan. Ax, o yerlər!.. Səcdəsinə düşmək, öpüb yalamaq, ürəyimi o torpağa, daşa sürtmək istəyirəm.
Anama qabaqcadan heç nə yazmadım. Vağzalda düşüb yavaş-yavaş evimizə gəlirdim. Anamı görməyə tələsirdimsə də, çoxdan ayrıldığım bu küçələri, yolları, bu məhrəm binaları, ağacları, hasarları diqqətlə nəzərdən keçirmək həvəsi ilə yaşayırdım. Çalışırdım, görüm, nə dəyişmişdir. Mənim qoyub getdiyim yerlərin nəyi və necə dəyişmişdir? Mənə elə gəlirdi ki, hər şey öz qaydasındadır. Yenə də həmin sentyabr axşamıdır. Şəhərimiz möhkəm inam və etimadla ömrünü sürür. Uca çinarlar, yaşıl təpələr baş əyərək cəbhədən gələn oğullarını salamlayır, cəbhəyə gedən oğullarına xeyir-dua verir.
Anamı evdə tapmadım. Açarı bir-birimizə bələdlədiyimiz yerdən götürdüm, qapını açıb, evdə rahatlandım.
Bu evdə nə təzəlik var?
Mənim əsgər şəklim stolun üstündədir. Məktublarım üst-üstə səliqə ilə qoyulmuşdur. Sanki anam bunları hər gün oxuyur. Pəncərənin ağzında balaca və üzü bezlə tikilmiş bir qutu var.