İkincisini cəbhədə tanımışam. Kolayır kəndindəndir. Mina arvadın oğlu Lətifdir. Atası çoxdan ölüb. Anası kənddə nümayəndə idi. Qadınlar yığıncaqlarında onu stol başında, ayaq üstə durub açarı mürəkkəbqabına döyən, sükut istəyən görərdin. Yaraşmasa da, həmişə sədrlik etmək istərdi.
Lətif anasına oxşamır. Başıaşağı, üzüyola oğlandır. İki yaş bizdən kiçik olduğu üçün yüngülayaqlıq edər. Hər işə gedər, bəzən suyumuzu, çörəyimizi də hazırlar. Yürüşlərdə, gecə istirahət əmri
Bunlar mənim yanıma həm görüşə, həm sifarişə gəlmişlər. Mənim nə danışmağa, nə də əsəblərimə toxunacaq bir xəbər almağıma icazə var idi. Mən bu səhra xəstəxanasında 7 gün ərzində həkimdən başqa, yalnız bir şəfqət bacısını görürdüm. Yanıma gələn, məni dindirən olmadığına görə darıxırdım. Ancaq onu da duyurdum ki, mənə yaxınlaşmaq istəyənləri şəfqət bacısı buraxmır. Bəzilərini qaytarır, bəzilərinə də yalan satır ki, “xəstə yuxudadır”. Bu dəfə mən çadır örtüsünün dalından Nəsrəddinin üzünü gördüm. Dərhal bacının səsi gəldi:
– Yoldaş əsgərlər, xəstə yuxudadır, oyada bilmərəm.
Mən dözmədim:
– Oyanmışam, – dedim, – bacı, burax gəlsin.
Bunu dedim, sevindiyimdən dikəlmək, dirsəklənmək istədim. Çarpayıya sarındığım, ya ağrıdan qorxduğum üçün dikələ bilmədim. Başım, ümidsiz kimi, balışa yapışıb qaldı.
Yoldaşlar bir üzü xətir, bir üzü zor-güc özlərini mənim yanıma saldılar. Bacı onlara yalvarırdı:
– Həkim bilsə, mənim atamı yandırar. Aman günüdür, tez gedin!
Nəsrəddin ona təsəlli verdi:
– Tez, arxayın ol, tez gedəcəyik.
Lətif dedi:
– İki-üç dəqiqə, artıq yox.
Çadıra girəndən sonra Nəsrəddin nə bacıya baxır, nə də onun sözünü eşidirdi. Mənim alnımdan öpüb, zəif əlimi ovcunun içinə almış, illər ayrısı kimi, həsrətlə söhbətə başlamışdı...
Onlar yaralarımdan sarı mənə təsəlli verirdilər:
– Güllə yarası əti bişirir, tez sağalır. Ananın duası da sənə kömək eləyir. Yaxşı ötüşmüşsən, on-on beş günə duracaqsan.
Mən ağrılardan şikayət edəndə Nəsrəddin bir ədib kimi cavab verdi:
– İnanıram, sən daha çox ağrı duyarsan. Həyatla dolu adamlara, bütün hisləri ilə mükəmməl həyat keçirən adamlara hər yara əzabdır. Sən yorulmuş qoca, ya çox şeylərdən əl üzmüş bədbin deyilsən. Qoca ağacların gövdəsini yarıb içində ocaq qalayırsan, halına təfavüt eləmir. Sağlam, ucaboylu qovaq ağaclarının gövdəsinə bir bıçaq vurulsa, o saat yaşardığını görərsən. Belə ağacların həyatı sağlam gənclərin həyatı kimi mükəmməldir, əsl həyatdır. Sən belə gənclərdənsən. Ancaq onu da bil ki, bir neçə ay sonra qovaq ağacının bıçaq vurulan yerini möhkəmlənmiş, bərkimiş görərsən. Sağlıq olsa, sən həm müalicə olunacaq, həm dincələcəksən, həm də ki...
Lətif Nəsrəddinin ürəyindən xəbər verdi:
– Həm də ki vətənə gedəcəksən.