Ürəyimdə bir şadlıq var; dodaqlarım qaçdı, üzülmüş, qanını itirmiş, dəri ilə sümükdən ibarət sifətimə ilk təbəssüm işığı düşdü. Sonra məni bir düşüncə yaxaladı. Haraya qayıdıram? Neçə illər ömür keçirdiyim, doğulduğum, böyüdüyüm, yorulduğum, dincəldiyim, dərd çəkdiyim, sevindiyim həyata qayıdıram! Orada hələ görmədiyim nələr var? Bunu nə kitabda
Məndə qəribə bir arzu baş qaldırdı: iki ömür istəyirəm. İstəyirəm ki, ilk ömrüm – təcrübə dərsi olsun; bu mürəkkəb dünyanı, qapalı adamları öyrənməyə sərf olunsun. İmtahandan çıxa bilsəm, mənə ikinci həqiqi ömür imkanı verilsin. Belə ömrün qədrini bilərəm. Mən yenidən bir körpə olum, anamın, o mehriban xilqətin qucağına atılım, isti nəvazişlərinə tutulum. Atamın sərin torpaq astanasında iməkləyim. Səsim gəlsin. Yıxıla-dura yeriyim, ağı qaradan, şirini acıdan, istini soyuqdan seçən, qayğısız körpəlik günləri başlasın...
O günlər... məgər xəyal onları gətirib yetirə bilərmi?.. Qapımızdan keçən su arxının başında oynardım, söyüd yarpaqlarından əsən xəfif küləklər daraq görməmiş saçaq kimi dolaşıq saçlarımı üzümə tökərdi...
Hanı mənim tay-tuşum? Aşıq atan, top oynayan, gizlənqaç yoldaşlarım? Vuruşubbarışdığım, atıb-tutduğum, ayrılıb-birləşdiyim yaşıdlarım?
Bax bunlardan doymamışam.
Ömrüm yüz gündürsə, doxsan doqquzunu yurdumda, torpağımda yaşamışam. Doymamışam.
Nəyini deyim? Xoş saatları, əziz günləri, munis axşamları...
Heç bir zaman bu xatirələr cəbhədəki qədər şirin olmur. Əsgər onları arxada qoyub gəlmişdir. Onları qorumağa, onları hədələyən təhlükəni yox etməyə gəlmişdir.
Səhra xəstəxanasından arxaya göndərilməli olduğumu eşidib, yoldaşlarımdan ikisi yanıma gəlmişdi. Biri mənim yaşıdım, məktəb yoldaşım Nəsrəddin idi. Bizi universitetdən, tələbəlikdən çağırmışdılar. Onu görəndə həmişə məktəbli uşaqların kitab çantası yadıma düşür. Nəsrəddinin belə yaraşıqlı bir çantası var idi. Özü də qayışla belinə bağlardı. Bəzən onun çantasından tutub çəkişdirərdik, ha dönmək istərdi ki, görsün, kimdir, bacarmazdı. İndi Nəsrəddin bizim komandirin köməkçisidir. Komandir sirrini ona deyir, təhlükəli yerlərə onu özü ilə aparır.