M.Şəhriyarın “Heydərbabaya salam” poeması həmin dövrün ən mühüm ədəbi hadisələrindən sayılır. Hər kəlməsində, hər misrasında xalq ruhu, xalq yaradıcılığının nəfəsi duyulan bu gözəl sənət nümunəsi otaylı-butaylı ədəbiyyatımıza güclü təsir etmiş, yüzlərlə bədii əsərin yaranmasına səbəb olmuşdur.
Müharibədən sonra nəsrdə ciddi irəliləyiş oldu. S.Rəhimov, S.Rəhman, Mir Cəlal və başqa sənətkarlar əsərlərində gerçəkliyin tənqidi təsvirinə yer verdikləri üçün haqsız tənqid edilsələr də, ümumən nəsr sahəsində müəyyən uğurlar əldə edildi. Xüsusən roman janrında yeni inkişaf meyilləri aydınca duyulurdu. S.Rəhimovun “Şamo”, M.İbrahimovun “Gələcək gün”, “Böyük dayaq”, M.Hüseynin “Abşeron”, Ə.Əbülhəsənin “Dostluq qalası” və bir sıra digər romanlar həm mövzu, həm də ideya-bədii keyfiyyətlərinə görə rəğbətlə qarşılandı.
Ə.Məmmədxanlının, İ.Əfəndiyevin hekayələri, İ.Qasımov və H.Seyidbəylinin “Uzaq sahillərdə” povesti oxucuların maraq göstərdikləri ədəbi nümunələr idi.
Bu dövrdə dramaturgiya və teatr sənətində böyük bir dönüş, yüksəliş müşahidə edilirdi. Müasir mövzulara daha çox müraciət olunması, əmək adamlarının obrazlarının yaradılması, ailə-məişət məsələlərinə diqqətin çəkilməsi dramatik əsərlərin səciyyəvi cəhətləri kimi ön plana keçdi. İ.Əfəndiyevin “İşıqlı yollar”, “Bahar suları”, “Atayevlər ailəsi”, İ.Qasımovun “Xəzər üzərində şəfəq”, İ.Səfərlinin “Göz həkimi”, Ə.Məmmədxanlının “Şərqin səhəri”, “Od içində” əsərləri həm oxucu-tamaşaçıların, həm də ədəbi tənqidin diqqətini cəlb edirdi.