A.Şaiqin “Nüşabə”, M.Hüseynin “Cavanşir”, Z.Xəlilin “Qatır Məmməd” və s. pyeslər bu qəbildəndir.
S.Vurğunun “İnsan”, R.Rzanın “Vəfa” və s. dram əsərləri isə müharibə mövzusunda yazılmışdır. S.Vurğun “İnsan” əsərində müharibəni xeyirlə şər arasında gedən mübarizə kimi mənalandırır və insanlığın bu amansız bəladan uzaqlaşmasını arzulayırdı. R.Rza “Vəfa” pyesində Bahadır və Vəfa obrazlarının timsalında ön və arxa cəbhədə insanların qarşılaşdıqları çətinliklərə, ağır sınaqlardan üzüağ çıxmalarına diqqəti çəkmişdir.
Müharibə mövzusuna sonrakı dövrlərdə də müraciət olunmuş, yüksək bədii dəyərli əsərlər yaradılmışdır.
Faşizm üzərində tarixi qələbədən sonra ölkənin qarşısında təxirəsalınmaz vəzifələr dururdu. İlk növbədə sənayenin, kənd təsərrüfatının dirçəldilməsi, yenidən qurulması, dağıntıların aradan qaldırılması vacib idi. Ağır faciə yaşamış insanlarımız indi də əzmlə, böyük iradə hesabına dinc quruculuq işləri ilə məşğul olmağa başlamışdılar. Ənənələrinə sadiq olan ədəbiyyatımız isə içində olduğu həyatı əks etdirməklə yanaşı, müharibə mövzusuna, tarixi keçmişə, dünyada baş verən mühüm hadisələrə münasibət bildirir, müəyyən uğurlar qazanırdı. Amma bu, asan başa gəlmirdi. Sov.İKP Mərkəzi Komitəsi ədəbi prosesə siyasi nəzarəti və təzyiqləri müharibədən sonra daha da sərtləşdirdi. 1946 –1948-ci illərdə mərkəzin qəbul etdiyi qərarlar sənətkarın əl-qolunu bağlayır, həyat həqiqətlərini, sovet gerçəkliyinin mahiyyətini əks etdirməsinə imkan vermirdi. Partiyaya xidmət ədəbiyyatın və incəsənətin başlıca vəzifəsi kimi dəyərləndirilirdi. Təcrübə göstərdi ki, sovet gerçəkliyinin idealizə edilməsi, sovet adamının qüsursuz göstərilməsi ədəbiyyatın siyasiləşdirilməsinə, nəticədə bədii cəhətdən sönük, qeyri-səmimi, inandırıcı olmayan əsərlərin meydana gəlməsinə səbəb oldu. Hətta istedadlı və tanınmış sənətkarların yaradıcılığında belə bu qəbildən əsərlər az yer tutmurdu. “Leninin kitabı”, “Zamanın bayraqdarı” (S.Vurğun), “Lenin” (R.Rza), “Biz kommunistlərik” (S.Rüstəm) kimi poemalar, onların müəlliflərinin, eləcə də başqalarının (M.Rahim, O.Sarıvəlli, Ə.Cəmil, Z.Xəlil və s.) bir çox lirik şeirləri birbaşa dövrün ideoloji tələbləri əsasında yazılmışdır.
Qadağalar, nəzarət nə qədər güclü olsa da, ənənə və varisliyə bir prinsip səviyyəsində sadiq qalmağa səy edən ədəbiyyatımız əsrdən-əsrə keçib gələn humanist, mütərəqqi ideallarını qoruyub saxlamağa çalışırdı. SSRİ-nin ozamankı başçısı İ.Stalinin ölümündən sonra – 1950-ci illərin axırına yaxın ölkədə ədəbiyyat və incəsənətin üstünə basqının müəyyən qədər səngiməsi, “mülayimləşmənin” baş verməsi də bədii yaradıcılığa öz müsbət təsirini göstərdi. Təsadüfi deyildir ki, həmin dövrün lirikasında əsas təsvir obyekti insan idi. Onun arzu və düşüncələrinin ifadəsinə önəm verilir, qəlb aləminin incəliklərinə xüsusi diqqət yetirilirdi. İnsan və dünya, insan və zaman kimi məsələlərə lirikada fəlsəfi yanaşma get-gedə güclənirdi. Bu, Rəsul Rza başda olmaqla, B.Vahabzadənin, Ə.Kərimin yaradıcılığında özünü daha qabarıq göstərirdi.
Bu dövrdə poeziyada müşahidə edilən başqa bir meyil həyat hadisələrinin geniş təsviri idi. Başqa sözlə, şairlərin əksəriyyəti poema yaradıcılığına daha çox diqqət yetirir, müxtəlif mövzularda yazdıqları poemalarda həyat hadisələrinin epik təsvirini əks etdirməyə səy göstərirdilər. S.Vurğunun “Muğan”, “Zəncinin arzuları”, “Aygün”, S.Rüstəmin “Qafurun qəlbi”, “On ikinci tüfəng”, “Gülbahar”, Z.Xəlilin “Ulduzlar”, M.Rahimin “Abşeron torpağında”, R.Rzanın “Qızılgül olmayaydı”, “Bir gün də insan ömrüdür”, M.Dilbazinin “Əlcəzairli qız” və s. bu janrın maraqlı nümunələri kimi diqqəti çəkirdi.