İnsanlığa, bəşəriyyətə fəlakət gətirən alman faşizminə qarşı mübarizəyə SSRİ adlanan quruluşa, zorla da olsa, daxil edilən Azərbaycan da qoşuldu. Bu, labüd idi. Faşist Almaniyasına və onun müttəfiqlərinə qarşı vuruşmaq haqqı, ədaləti, başlıcası isə azadlığı, müstəqilliyi uca tutan hər bir xalq üçün mənəvi borc idi. Xalqımız həm ön cəbhədə, həm də arxada qələbə üçün əlindən gələni əsirgəməmişdir. Onlarla həmvətənimiz cəbhədə igidliyinə görə ən yüksək ada layiq görüldüyü kimi, minlərlə insanlarımız da arxada gecə-gündüz çalışmaqla fədakarlıq göstərmiş, qələbənin əldə olunmasına misilsiz töhfələr vermişdir. SSRİ-nin nə ovaxtkı, nə də sonrakı rəhbərliyi tərəfindən qiymətləndirilməsə də, Bakı nefti düşmən üzərində qələbədə əvəzsiz rol oynadı. Azərbaycan müharibə illərində yüz milyon tona yaxın neft vermiş, cəbhəni döyüş sursatı, ən yüksək keyfiyyətli yanacaq, ərzaqla təmin edərək, xalqımız tərəfindən unudulmayacaq tarixi xidmət göstərmişdir.
Əldə silah düşmənə qarşı vuruşan yazıçı və incəsənət xadimlərimiz də az olmamışdır. İsmayıl Şıxlı, Əbülhəsən Ələkbərzadə, Ənvər Əlibəyli, Böyükağa Qasımzadə, İslam Səfərli, Zeynal Cabbarzadə, Hüseyn Abbaszadə və başqa yazıçı və şairlərimiz döyüş cəbhələrində vuruşmuş, onlardan sağ qalanlar iştirakçısı olduqları dəhşətli müharibə səhnələrini əks etdirən təsirli əsərlər yaratmışlar.
Müharibə dövründə hər üç ədəbi növdə maraqlı bədii nümunələrin yaradılması diqqəti çəkir. İlk çağlarda daha çox lirik şeirlərin yazılmasına isə təbii baxmaq lazımdır. Nəsr və dramaturgiya nümunələri bir müddət sonra yaradılmağa başlandı.
Müharibənin birinci aylarında yazılan lirik şeirlərdə səfərbərliyə, düşmənə qarşı mübarizəyə çağırış ruhu ifadə edilirdi. S.Vurğun, S.Rüstəm, R.Rza, M.Rahim, O.Sarıvəlli və başqa şairlərin ilk əsərlərində bu çağırış daha güclü olub, düşmənə nifrət hissi aşılayırdı. Zaman irəlilədikcə lirik şeirlərin ideya-məzmununda dəyişiklik müşahidə olunurdu. İstər arxa, istərsə də ön cəbhədə fədakarlıq göstərən insanın mənəvi aləminin açılmasına, hiss və duyğularının ifadəsinə diqqət yetirilirdi. Böyük məhrumiyyətlərlə qarşılaşan, ciddi əzab-əziyyətlərə dözməli olan həmvətənlərimizin öz insani hislərini, nəcib duyğularını qoruyub saxlamaları, sabaha ümidlə baxmaları, qələbəyə inamı itirməmələri poeziyada ön plana çəkildi. S.Vurğunun “Ananın öyüdü”, S.Rüstəmin “Ana və poçtalyon”, “Gün o gün olsun ki”, R.Rzanın “İntiqam” kimi şeirləri dillər əzbəri oldu.
Yaranmaqda olan nəsr əsərlərinin başlıca mövzusu həm ön, həm də arxa cəbhə idi. Lakin bu əsərlərdə daha çox arxada çalışan insanların həyatı, əməyi, həyəcanları əks etdirilirdi.
Ə.Əbülhəsənin “Yaralı”, “Oğullar və atalar”, S.Rəhimovun “Medalyon”, M.Hüseynin “Fəryad”, Ə.Məmmədxanlının “Ulduz” əsərlərində döyüşçülərin, Mir Cəlalın “Anaların üsyanı”, Ə.Vəliyevin “Qərənfilin sovqatı” və s. əsərlərdə isə arxada çalışanların obrazlarının yaradılmasına diqqət yetirilmişdir.
Bu illərdə yazılmış bir sıra nəsr əsərləri (S.Rəhimovun “Aynalı”, Mir Cəlalın “Açıq kitab” və s.) müharibə mövzusunda olmasa da, həmin dövrdə insanları düşündürən problemlərlə səsləşirdi. Bu, dramaturgiyada da müşahidə olunurdu. Başqa sözlə, müharibə illərində ərsəyə gələn dram əsərlərinin çoxu tarixi mövzulara həsr edilsə də, yazıldıqları dövrün ab-havasını əks etdirirdi.