– Nə üçün görə bilmir? Minlərlə qız idarə və müəssisələrdə qulluq edib öz ata-analarını saxlayır, mən də onların biri... Maarif şöbəsi mənə kənddə müəllimlik yeri verib. Yığışıb kəndə gedərik. Orada daha yaxşı yaşamaq olar. Xalq da sənə bir söz söyləməz.
– Sən xərifləmisən! Belə boş-boş fikirləri başından çıxar. Sənin qulluğun yalnız Muxtarın evidir.
Ənisə atasının əmrinə boyun əyməyəcəkdi. Dedi:
– Atacan, məni bağışla, əmrindən çıxıram.
Məşədi Əhməd papaqçı idi. Vaxtilə onun bazar qapısı ağzında kiçik bir dükanı vardı. Bir tərəfdən papaqçılığın get-gedə tənəzzülü, o biri tərəfdən özünün qocalığı ona dükan saxlamaq imkanı verməmişdi. Üç il əvvəl dükanını bağlamışdı. Bundan sonra o, evdə işlər, qoyun və quzu dərisindən tikdiyi papaqları bazarda əlində gəzdirməklə satardı. Qış fəslində bu yolla keçinirdilər.Yayda tüklü papaqlar işə getmədiyindən çox çətinlik çəkirdi. Son zamanlar əli daha iynə tuta bilmirdi. Onun yeganə ümidi Muxtar idi.
Ənisə atasının halını görürdü. O, yaxşı bilirdi ki, ayda əlli-altmış manatlıq bir gəlirlə evlərinin maddi çətinliyi aradan qaldırıla bilər. Hazırda belə bir iş də vardı. Yalnız Məşədi Əhmədin müsaidəsi lazım idi. Ənisənin fikrinə gəlirdi ki, onu tutub bağlayan ipləri birkərəlik qırıb atsın. Onu əskiliyə çəkən mühitə, atası Məşədi Əhmədə üsyan edərək: “Mən artıq sərbəstəm, ixtiyarım öz əlimdədir. İstədiyim kimi hərəkət etməyə haqqım vardır”, – deyib, təklif edilən kəndə getsin.
Ənisə bunu yalnız düşünürdü. Fəqət bu fikrini söyləməyə cəsarəti yox idi. İki gün əvvəl məktəbi yeni bitirib özünə iş axtaran bir gənc maarif şöbəsində ona demişdi:
– Əgər kəndə getmək sizə müyəssər deyilsə, maarif şöbəsinə bildiriniz, mən oraya getmək istəyirəm.
Ənisə ona iki-üç gündən sonra qəti cavab verəcəyini bildirmişdi. O, maarif şöbəsinə cavab verməli idi. Vaxt yaxınlaşırdı. Bəzi məktəblərdə dərslər başlanmışdı.
Ənisə düşündü, düşündü. Qəti qərar vermək zamanı yetişmişdi. İndi onun xəyalında iki şey canlanırdı: Muxtar, kənd məktəbi... Atasını özündən razı salmaq məsələsi də vardı. Ənisə qarşısında belə bir məsələ qoydu: “Mən atamı razı salmaq üçün onun istədiyi düşüncə və zehniyyətdə bir qız ola bilərəmmi?”
Ənisə atasının istədiyi bir ruhda qız ola bilməyəcəkdi. Ərə getdikdən sonra da onu razı sala bilməyəcəkdi. O, Muxtar kimi gündə bir rəngə düşməyi bacarmırdı. Hər halda, atasının həyatını öz maaşı ilə təmin etməli idi. Bunun üçün Ənisə səhər evdən çıxıb, saat ikidə evə qayıtdı. Sabahı gün də evdən çıxıb bir-iki saat sonra qayıtdı. Üçüncü gün saat on radələrində evdən çıxarkən atasına çatdırmaq üçün ögey anasına bir məktub verdi.
Məşədi Əhməd axşamüstü evə qayıtdı. Ənisə hələ gəlməmişdi. Qızdan nigaran qalmağa başladılar. Muxtarın dalınca adam göndərdilər. Ənisənin yazdığı məktubu Muxtar Məşədi Əhmədə oxudu: Atacan! Bilirəm, mənim hərəkətimi pisləyəcəksən, çünki mən sənin sözündən çıxdım. Sənin xahişinə əməl etmədim. Yalnız bununla kifayətlənməyib, sənin evini tərk edib kəndə gedirəm.
Mən çox yaxşı bilirəm ki, qoca atalara ehtiram etmək lazımdır. Lakin kor-koranə onların əmrinə tabe olmaq ehtiram deyil. İnanıram ki, indi olmasa da, gələcəkdə mənə haqq verəcəksiniz.