Ənisə qapıdan içəri girdikdə əmisi oğlu Muxtarı yenə evdə gördü. O, Ənisənin atası ilə şirin söhbət edirdi. Muxtar iki il əvvəl məktəbi bitirmişdi. Mərkəzi işçi kooperativində orta bir vəzifə daşıyırdı. Ənisəni ona hələ kiçik yaşda ikən anaları nişanlamışdı.
Ənisə onların söhbətini dinləməyə başladı. Məşədi Əhmədin söhbəti heç də maraqlı deyildi. Cavanlıqda eşitdiyi bir möcüzədən bəhs edirdi. Muxtar da onun sözlərini təsdiq edirdi. Əlavə olaraq, özü də möcüzə qəbilindən bir əhvalat quraşdırıb nağıl etdi. Muxtar möcüzəyə inanacaq halda deyildi, o, bunu yalnız gələcəkdə qayınatası olacaq əmisinin könlü xoş olmaq üçün söyləyirdi. Bu, Muxtarın bir xüsusiyyəti idi. O özünü qarşısındakı adama bəyəndirmək üçün hər rəngə müvəffəqiyyətlə girə bilirdi. Onun bu halı Ənisənin xoşuna gəlmirdi.
Payız mövsümü yaxınlaşdıqca Ənisənin vəziyyəti ağırlaşırdı. Üç ay olardı ki, o, məktəb həyatından ayrılmışdı. Bu üç ayın ərzində o, gələcək həyatı ilə bağlı bir qərara gəlməmişdi. Onun qarşısında üç yol vardı: darülfünun, ictimai həyat, ər evi.
Ənisənin bütün yoldaşları darülfünuna girmək üçün çalışırdılar. O, hələlik heç bir təşəbbüsdə bulunmamışdı. Çünki Ənisəyə, hər şeydən əvvəl, özünü və ailəsini dolandırmaq lazım idi. Bunun üçün Ənisə darülfünun yolunu hələlik ikinci mövqeyə buraxıb ictimai həyat yolunu tutmalı idi. O, burada müvəffəqiyyətlə çalışa bilərdi. Onun maddi vəziyyəti də burada təmin edilərdi. Ancaq bir məsələ vardı ki, atası Məşədi Əhməd ona müsaidə vermirdi. Məşədi Əhməd Ənisəni üçüncü yolu tutmağa, ər evinə getməyə məcbur edirdi.
Ənisə iki həyat arasında qalmışdı. Yeni həyat onu öz tərəfinə çəkirdi, əski həyatın izləri onu tutub buraxmırdı. Ənisənin yoldaşlarından bir neçəsi maarif şöbəsinə müraciətlə özlərinə müəllimlik yeri almışdı. Ənisə də oraya müraciət etdi. Kəndlərin birində müəllimlik yeri vardı. O, təkbaşına kəndə gedə bilməyəcəkdi. Onun yalnız bir ümidi vardı: atasını və ögey anasını yanına alıb kəndə getmək...
Bu fikrini atasına açıb söyləmək üçün münasib bir vaxt aradığı halda atası onu yanına çağırdı:
– Ənisə, – dedi, – sən özün görürsən ki, mən qocalmışam. Gözlərim yaxşı görmür, əllərim işləməkdən qalıbdır. Yavan çörəyi belə doyunca yeyə bilmirik, nə üçün sən qoca atanın bu halını nəzərə almırsan?
Ənisə qızardı. Bilirdi ki, atası onunla Muxtar barəsində danışacaqdır. Başını aşağı salıb cavab verdi:
– Bilirəm, siz atalıq haqqı ilə məni böyütdünüz, məktəbdə oxumağa imkan verdiniz, mən də övladlıq vəzifəsi ilə qocalığınız zamanında sizə kömək etməliyəm. Mən buna çalışıram.
Məşədi Əhməd məmnun bir tərzdə:
– Çox sağ ol, qızım. Mən bu barədə səndən razıyam, – dedi.
– Mənim sizə köməyim yalnız öz zəhmətim sayəsində olacaqdır. Mən özümə müəllimlik yeri tapmışam. Alacağım maaş bizə kifayət edər. Bu barədə mənə izin veriniz.
Məşədi Əhmədin qaşları çatıldı:
– Nə üçün əmin oğluna getmək istəmirsən?
– Başqasının qazancına göz dikməkdən nə çıxar? Bir zamanda ki mən özüm də onun kimi çalışıb qazana bilərəm.
Məşədi Əhməd hirsləndi:
– Sən nə danışırsan? Ağlın çaşıbdır! Necə yəni özüm də onun kimi çalışıb qazanaram?! Xalq sonra mənə nə deyər? Qız xeylağı nə iş görə bilər?