Həyat dedikləri bu keşməkeşdən,
Qəlbimdə, qanımda yanan atəşdən,
Gecədən, gündüzdən, aydan, günəşdən,
Bu əngin fəzadan necə əl çəkim?
Qarşımda dalğalı, dərin bir ümman,
Ümmanı sarsıdır bir acı tufan,
Bəyaz köpükləri bir çiçək yapan
Şeirdən, xülyadan necə əl çəkim?
Ulduzlar fikrimin çıraqbanıdır,
Bulud xəyalımın karivanıdır,
Səma ki hissimin aşiyanıdır,
Böylə bir səmadan necə əl çəkim?
Xəzan acısına edib təhəmmül,
Gülün kölgəsində ötəndə bülbül,
– Həyat, həyat! – deyə çırpınır könül.
Könüldən, sevdadan necə əl çəkim?
Sən aldın aşını yeni hislərdən,
Ey cavan qələmim, düşmə bəhərdən,
A dostlar, söyləyin, mən bu hünərdən,
Bu təbi-valadan necə əl çəkim?
I dərs
Məzmun üzrə iş
- Əsəri oxuyun (bunu fərdi səssiz oxu, səsli oxunun dinlənilməsi və s. şəkildə yerinə yetirə
bilərsiniz).
- İlkin təəssüratınızı siniflə bölüşün.
- Beş qrupa bölünün. Hər qrup iki bənd üzərində işləməklə ikihissəli gündəlikdə qeydlər edin.
Əsərdə diqqətimizi daha çox cəlb edənlər |
Bunun səbəbi |
|
|
- Gəldiyiniz nəticələri təqdimatlar əsasında müzakirə edin.
- Mövzulardan birini seçib şifahi təqdimata hazırlaşın:
a) Şeirin ən çox sevdiyim bəndi (bəndləri) hansı oldu?
b) Şeirin müəllifi haqqında məndə hansı təəssürat yarandı?
Evdə iş
- Müxtəlif mənbələrdən, internetdən topladığınız məlumat əsasında “M.Müşfiqin həyatının son illəri”
mövzusunda təqdimata hazırlaşın.