MİKAYIL MÜŞFİQ
(1908 – 1938)
• Müşfiq ədəbiyyat tariximizdə də,
xalqımızın yaddaşında da, hamımızın
qəlbində də otuz yaşlı çılğın, romantik,
xəyallar dünyasında qanadlanan bir gənc
kimi qalacaq.
Gülhüseyn Hüseynoğlu
Yada salın
- Sənətkarların yaşamaq, yaratmaq istəyini əks etdirən hansı əsərlərlə
tanışsınız?
- Bu əsərlərdə diqqətinizi daha çox çəkən nə olub?
Düşünün
- Sənətkarın şəxsi narahatlığını əks etdirən əsərlərin yazılmasına
səbəb, sizcə, nə ola bilər?
Oxuda aydınlaşdırın
- Əsərdə tanış olmayan sözlərin mənasını lüğətlərin, sorğu kitablarının
köməyi ilə aydınlaşdırın.
- Əsərdəki bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirin.
HƏYAT SEVGİSİ
(ixtisarla)
Ah, mən gündən-günə bu gözəlləşən
İşıqlı dünyadan necə əl çəkim?
Bu yerlə çarpışan, göylə əlləşən
Dostdan, aşinadan necə əl çəkim?
Dönmə bir şəbnəmə yaz səhərində,
Könül, günəş kimi parla yerində!
Göylərin lacivərd ətəklərində
Gedən bu qovğadan necə əl çəkim?
Baxınız, dan yeri sökülmüş kimi,
Dostlar bir cəbhəyə tökülmüş kimi.
Uzaqdan-uzağa xam gümüş kimi
Ağaran səhradan necə əl çəkim?
Təbiət varlıdır, təbiət xəsis,
İşlədərkən onu, sən ey mühəndis,
Mən də qart daşlara verdiyim bu hiss,
Bu incə mənadan necə əl çəkim?
Bir yanda tərlanlar, dumanlı dağlar,
Bir yanda kəkliklər, ayna bulaqlar,
Bir yanda bülbüllər, çiçəkli bağlar,
Mən bu tamaşadan necə əl çəkim?