ALMAS İLDIRIM
(1907 – 1952)
• Almas İldırım poeziyası Azərbaycana
qarşı yürüdülən haqsız siyasətə, ədavətə
və düşmənçiliyə qarşı bir hayqırış kimi
səslənir.
Vaqif Sultanlı
Yada salın
- Vətənimizin azadlığı, vətən həsrəti mövzusunda yazılmış hansı
əsərlərlə tanışsınız?
- Bu əsərlərdə sizin üçün daha önəmli olanlar nədir?
Düşünün
- Milli azadlığa, vətən həsrətinə həsr olunmuş əsərlərin əhəmiyyəti,
sizcə, nədir?
Oxuda aydınlaşdırın
- Əsərdə tanış olmayan sözlərin mənasını lüğətlərin, sorğu kitablarının
köməyi ilə aydınlaşdırın.
- Əsərdəki bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirin.
ƏSİR AZƏRBAYCANIM
Hanı məni gül qoynunda doğuran,
Xəmirimi göz yaşıyla yoğuran,
Beşiyimdə, layla balam, çağıran,
Azərbaycan, mənim bəxtsiz anam, oy!
Neçə ildir, həsrətinlə yanam, oy?..
Salam desəm, rüzgar alıb götürsə,
Ağrı dağdan Alagözə ötürsə,
Gur səsimi göy Xəzərə yetirsə,
Xəzər coşub zəncirini qırsa oy,
Hökm etsə, bu sərsəm gediş dursa, oy!
Xəbər alsam, Muğanımdan, Milimdən,
Nazlı Bakım, o neft qoxan gülümdən,
Kim demiş ki, düşmüş adı dilimdən,
Azərbaycan, mənim eşsiz yurdum oy!
Ölməz eşqim, içimdəki dərdim, oy!..
Könlümə tək Kəbə etdim səni mən,
Sənsiz neylim qürbət eldə günü mən?
Sənsiz neylim Allahı mən, dini mən?
Azərbaycan, mənim tacım, taxtım oy...
Oyanmazmı kor olası baxtım oy?!