Bir gün atları suvarmağa apararkən bulaq başında qarşı-qarşıya gəldilər. İkisi də hərəkətsiz bir vəziyyətdə qaldı. Zeybək qızının dodaqlarında qeyri-şüuri bir təbəssüm oynadı və fövrən qaib oldu. Əvəzində həyalı bir qızartı yanaqlarını bürüdü. Əvvəlcə Midhəd əfəndini ildırım qüvvəsi ilə qarşılayan uzun kirpikli gözlər indi həyəcan içində yerə baxırdı. Titrək barmaqları atın yalına sarılıb qalmışdı. Midhəd əfəndi özünə güclə malik ola bildi, söz demək istədi, dodaqları tabe olmadı. Susdu. Sonra ruhunda bir rahatlıq duydu. Qəlbinə bir yol açıldığını və bu yolla görünməz sirlərin axın-axın gəldiyini hiss etdi. İndi artıq iki ürək bir-biri ilə əsrarəngiz və kimsəyə eşidilməyən bir dillə dərdləşirdi... Gənclərin ikisi də aram tapıb xoş bir sima ilə bir-birinə baxdılar. Bu dəfə dillər mətanətlərini qaib etmədi.
Midhəd əfəndi:
– Mən səni İstanbulda ikən tanıyırdım, – dedi, – burada görüşəcəyimizi təsəvvür etmirdim.
– Mən də səni tanıyırdım, – deyə zeybək qızı başını aşağı saldı və son sözü birbirinə toxunan çini kasaların sədasını verdi.
... Düşmən cəbhəsi yarılmışdı. İngilis silahı ilə təchiz olunmuş iki yüz minlik bir ordu dağılıb pərakəndə bir halda geri çəkilirdi. Qırmızı türk bayrağı təkrar İzmir təpələrində dalğalanmada idi.
İstanbul başqa bir aləm yaşayırdı: əcnəbilərin işğal ordusu çəkilmədən paytaxt bütün idarə və məmurları ilə bərabər Böyük Millət Məclisinə beyət etdi və şəhər dəbdəbəli bir türk qiyafəsinə girdi. Hər yer al bayraqlarla bəzənmişdi, ala qapılar qurulmuş, küçələr nümayişçilərlə dolu idi.
Bir də: “Anqara müməssili paşa gəldi”, – deyə səs düşdü.
Minlərcə adam Sirkəçiyə töküldü, küçələr fəslərdən laləzar oldu... Ağ atlı paşa xalqa təzim etmədə idi, mabeynindəki gənc zabit Midhəd əfəndi və onunla yan-yana gedən milli libaslı zeybək qızı idi. Arxadan qırmızı bayraqlı nümayişçi gənclər ağır-ağır yürüyürdülər. Cadənin iki tərəfini izçilər zənciri tutmuşdu. Оrtanı minlərcə məktəbli qız və oğlan məşğul etmədə idi. Bir də yerləri titrədən bir alqış qopdu:
– Yaşasın Böyük Millət Məclisi! Yaşasın zeybək qızı! – səslər göylərə yüksəldi. Balkonlardan və pəncərələrdən türk qadınları güllər atdılar, ətir tökdülər...
Qafilə Divan yolunda dayandı. Paşa mabeyni ilə bərabər “Şərq məhvəli” klubuna endi. Nümayişçilər isə şəhəri dolanmağa başladılar. Axşam şəhər çıraqban oldu. Minlərcə qırmızı fanarlı məktəblilər “Şərq məhvəli”nin qarşısına toplandılar:
– Yaşasın zeybək qızı! – deyə alqışlar qopdu. Klubun pəncərəsi açıldı, zeybək qızının incə çöhrəsi göründü, dəqiqələrcə alqış davam etdi. Hər tərəfdən zeybək qızının cadəyə enməsini rica etdilər.