Midhəd əfəndiyə bayğınlıq gəldi, özünü itirdi. Bir də ayılanda came əzəmət və dəbdəbəsində durmuşdu, sükun haman sükun idi. Yalnız bu sükunun özünəməxsus bir nəğməsi, əsrarəngiz bir tərənnümü var idi. Midhəd əfəndi bunu duydu və şair ruhuna bir ilham gəldi. Bir də zeybək qızını xatırladı, zehnində onun məhzun baxışını ehya etdi. Sonra bir həyəcan duydu. Məhzun baxışlı qızı təkrar görmək üçün mehrabın ətrafına göz gəzdirdi, bir nəticə hasil olmadı. Saatlarca oturdu... Nəhayət, qalxdı. Cameni tərk etdi.
Sakin küçələr ona geniş göründü, əsir şəhər hürr və məsrur idi. Ruhunda elə bir əzəmət var idi ki, hər şeyi qırar, yıxar və hər şeyə qələbə çalardı.
Midhəd əfəndi evə döndü. Anası mətbəxdə məşğul idi. Çağırdı.
Dərdini anlatdı:
– Gedirəm, – dedi.
– Nərəyə, oğlum?
– Anadoluya.
– Babandan sordunmu? Bəs darülfünun?
– Babamdan sormadım, sormaya da gəlməz, darülfünun əsir... Biz də zatən əsir, əsarətdə elm təhsil etmək qabilmi? ...Hürr Anadolu hər şeydən yüksək! Zeybəklər silaha sarılmış.
Midhəd əfəndi həyəcanlandı. Pancuru açdı. Xəlic və Mərmərə göründü. Füsunkar bir gözəllik ruhunu oxşadı. Bir dəqiqə keçmədi, incə minarələrə sarılmış sərvlərin arasında bir duman göründü, yaldızlandı və məhzun baxışlı zeybək qızı bütün gözəlliyi ilə zühur etdi.
Midhəd əfəndi bihuş olaraq kanapenin üzərinə sərildi... Anası iztirabla üzərini aldı. Bir dəqiqədə bütün ailə üzvləri ətrafını bürüdü. Midhəd əfəndini ayıltdılar.
Dili söz tutar-tutmaz dedi:
– Bu əsir şəhəri tərk etməsəm, rahatlıq bulmayacağam. Anadolu məni çağırır!
Midhəd əfəndinin atası Münirbəy Babi-Ali məmurlarından idi. Məslək və əqidəcə tam mənası ilə əski bir osmanlı idi. Milli hərəkata, təcəddüdə inanmırdı. Оnun üçün zatişahanənin iradəsi hər şeydən yüksək idi. Anadoluda günü-gündən qüvvət kəsb edən milli hərəkat, Münirbəycə, yalnız bir quldurluq, bir qaçaqçılıqdan ibarət idi. Оdur ki, oğlunun fikrini anladıqda hiddətləndi.
– Оğlum, dəlirdinmi, – dedi, – yarın kurşunamı düzülmək istəyirsən?
Midhəd əfəndi mətanətli bir səslə:
– Bizi deyil, biz kurşuna düzəcəyik, baba! – dedi.
Münirbəy büsbütün acıqlandı:
– Sus! Sən çocuqsan, anlamazsan! – dedi, – ingilisin zirehlilərinə qarşımı gedəcəyik?
Midhəd əfəndi atasının sözünü kəsdi:
– Əvət, gedəcəyik!
– Allah, Allah!..