Qarşıdakı Üsküdar xaraba bir qəbiristanı andırırdı. Arxa tərəfdən çıxan tüstü göyləri bürümüşdü – ingilislər meşələri millətçilərə məskən olmasın deyə yandırırmış...
Sağ tərəf mənzərəsi daha acı idi: gözəl Gülxana bağçası viranəyə dönmüşdü. Çiçəkliklər depo olmuş, ağaclar sınmış, güllər solmuş, bağçada daş kömür təpələnmiş, tel atılmışdı. Midhəd əfəndi iztirab içində geri çəkildi, rəngi üzündən götürüldü. Bir də əsəbi halda qırmızı fəsini gözlərinə yeritdi, laübalı bir vəziyyətdə İstanbula döndü.
Midhəd əfəndi evə dönmək istəmədi. Zatən evləri bütün əşyası ilə fransız zabitləri tərəfindən zəbt olunmuşdu və on başdan ibarət bir ailə İstanbulun uzaq bir guşəsinə kiçik bir yerə sığınmışdı. Оdur ki, Bayezid meydanına gəldikdə təkrar duruxdu, fikirləşdi və bir saatlığa da olsa, zülmkar əcnəbilərdən xali bir guşəyə çəkilmək ehtiyacı duydu.
Midhəd əfəndi şair idi, onun üçün hürriyyət və gözəllik hər şeydən yüksək idi, düşündü və bu iki neməti yalnız Süleymaniyyə camesində tapacağına qane oldu.
Bu dəfə onu cameyə cəlb edən sənət eşqi və zövq duyğusu idi.
Süleymaniyyənin sakin guşəsi, əzəmətli mənzərəsi, xariqə təşkil edən sənəti onun təhəmmül etdiyi bütün həqarəti unutduracaq idi.
Sönük və xərabə küçələri keçdi, yanıq yerlərini adladı və camenin sakin dairəsinə daxil oldu. Qapıda çəkmələrinin üstündən məs geydi və xalıların üzərilə yavaş-yavaş uzaq xanaların birinə yanaşdı. Оturdu. Camedə kimsə yox idi. Dərin bir sükun hökmfərma idi.
Camedə Süleyman Qanuni dövrünün şan və əzəməti yaşayırdı və bu əzəmət Midhəd əfəndinin ruhunu bəsləmədə idi.
Bir də tühaf bir nəşə içində donub qaldı. Zövq atəşi ilə dolmuş gözləri mehrabın ətrafında gəzirdi. Bir an came qaralan kimi oldu. Mehrabın ətrafını boz bir pəlmə bürüdü, sonra işıqlandı və gözqamaşdıracaq bir şüa içində bir zeybək qızı göründü. Qarayağız, parlaq gözlü, məhzun baxışlı bu qız bir şeylər söyləyirdi, həyəcan içində çırpınırdı...