Midhəd əfəndi sabah erkən darülfünuna gəldikdə oranın ingilislərin hind əsgərləri tərəfindən tutulduğunu gördü. Qapıda duruxdu, fikirləşdi, ağır bir həyəcan içində geri döndü. “Deməli, darülfünunumuza da əl uzatdılar”, – deyə öz-özünə düşündü və aylardan bəri əcnəbi işğalından təhqir olunmuş şərəfi bir daha əzildi.
Midhəd əfəndi Bayezid meydanı ilə gedərkən Türkiyənin keçirdiyi macəranın təhlili ilə məşğul idi. Müharibə qaib olmuş, məmləkət bilfel ingilislər, fransızlar, italyanlar, yunanlar tərəfindən parçalanmış, İzmir və civarı yıxılmış, türk qanı ilə boyanmış! İstanbul işğal altında, məmləkətin bütün münəvvər və alimləri Malta cəzirəsinə sürülmüş...
Midhəd əfəndi durdu, ayaqlarına bir zəiflik gəlmişdi, yürüyə bilmədi. Qəmli gözləri ilə ətrafa baxdı: hər tərəfdə ingilis polisinə və əcnəbi əsgərinə rast gəldi.
Bütün türkləri ac, səfil və sönük çöhrəli gördü... bu fəci mənzərədən acı bir həqarət duydu... “Bu işlər düzəlirmi?” – deyə içində bir şübhə doğdu. Bədbin bir halda yoluna davam etdi.
Divan yolundan Sirkəçiyə endi; yeni camenin yanından Qalata körpüsünə çıxdı. Sağ tərəfdən körpünün sürahisinə söykənib qaldı. Yazın gözəl günlərindən biri idi. Günəşin yaldızlı şuası boğaza dilfirib bir süs vermişdi – mavi dalğaların içində cilvələnirdi. Əzəmətli Dolmabağça sarayı sönmüş bir qürur ilə önündəki yunan zirehlisinə tamaşa etmədə idi.