Mən indi yalnız bunu düşünür, bu sirri kəşf etməyə çalışırdım ki, birdən-birə Anabacının səsi qulağımda təkrar səsləndi:
– Оğlum, sənə isti köynək toxumaq istəyirdim, kasıblığın üzü qara olsun, yunum, ipim çatmadı.
– Mənim üçün bu da çoxdur, nənəcan, - dedim.
– Yox, oğlum, yox! – dedi və üzündəki, gözlərindəki o rəng dərhal insafsız bir əl tərəfindən silinmiş kimi oldu. Çöhrəsi rəngdən-rəngə girən qadının bu halları indi mənə bir çox şeyləri xatırladır, bir çox köhnə dastanları anladırdı.
Köhnə nəslin son qəhrəmanı olan bu qadın hələ qarşımda oturmuş, mənə meydan oxuyur, həm də ata-babadan qalma keçmiş əxlaq və səciyyələrini bütün hal və hərəkətləri ilə mənə anladırdı. Artıq yarım əsr əvvəlin canlı tarixi olan bu qadın nəzərimdə daha böyümüş, daha canlanmış, sanki mənə: “Yoxsul olsam da, qəlbim geniş, ruhum ucadır”, – demək istəyirdi. Çox gözəl, bunu mən də etiraf edirəm. Lakin, ey yüksək qadın, söylə, altmış illik səfil bir həyatın sənə yükləmiş olduğu ağır yüklər belini bükmüş, gözlərinin nurunu almış, dizlərini taqətsiz etmiş olduğu halda, necə olmuş ki, qəlbinə, ruhuna toxunmamışdır? Sən mənə bunu anlat!
Müəllifin oğlu, tanınmış ədəbiyyatşünas alim Kamal Talıbzadə yazır: “Bizim evə gəlib-gedən, nənəm Mehri xanımla dostluq edən Nənəxanım adlı qoca bir arvad vardı, qara, köhnə çarşaba bürünüb gəzərdi... Onunla atam təsadüfən küçədə rastlaşmış, bir xahişini yerinə yetirmək üçün kimsəsiz qocanı evə gətirmiş və uçurum qarşısında duran bir ailəni fəlakətdən xilas etmişdi. Bu təsadüf atamın 1923-cü ildə qələmə aldığı “Anabacı” hekayəsinin yazılmasına səbəb olmuşdu. Qoca qadına edilmiş yaxşılıq müqabilində hədiyyə olaraq toxuduğu yun corabı təqdim edəndə atamın zəhmət haqqı vermək istəməsini o elə qəzəblə qarşılamış, ruhundakı etiraz o qədər güclü və əzəmətli olmuşdu ki, yazıçını qələmə müraciət etməyə, insan ləyaqəti haqqında əsər yazmağa ruhlandırmışdı...”
Yazıçı həyatda tanıdığı, müşahidə etdiyi Nənəxanımın və onun kimi onlarla insanın fərdi cizgilərini diqqətlə öyrənmiş, ümumiləşdirmə aparmış, parlaq, yaddaqalan ədəbi qəhrəmanını – Anabacı obrazını aratmağa nail olmuşdur.