Monoloq – bədii əsərdə bir adamın öz müsahibinə, səhnədəki digər surətlərə, yaxud özözünə müraciətlə söylədiyi nitqdir. Dramatik əsərdə bəzən monoloq qəhrəmanın tamaşaçılara müraciəti şəklində olur.
Mövzu – yazıçının bədii əsərdə diqqət mərkəzinə çəkdiyi əsas həyati məsələlər, səciyyəvi hadisələrdir. Mövzu əsərin ideyası ilə sıx əlaqəlidir.
Peyzaj – fransız sözü olub, mənası yer, ölkə deməkdir. Bədii əsərdə dağ, meşə, ağac, bulaq, çöl, bulud, heyvan, quş, torpaq, səma və s. təsviri peyzaj adlanır.
Povest – rus dilində povestvovanie sözündən olub, mənası təhkiyə, nəqletmə deməkdir. Epik növün bu janrı həcm və məzmun tutumuna görə hekayədən böyük, romandan isə kiçik olur. Povest əhvalatların əhatəliyinə və genişliyinə görə romana nisbətən xeyli yığcam olduğundan hadisələr sürətlə inkişaf etməli, bir hadisədən digərinə keçid çevik olmalıdır. Bu cəhəti nəzərə alan yazıçı süjet xəttinin əsasını təşkil edən elə həyati hadisə seçməlidir ki, mahiyyət etibarilə çevikliyə, sürətli inkişafa zəmin yaratsın və miqyas etibarilə povest çərçivəsinə sığışsın. Ədəbiyyatımızda M.F.Axundzadənin “Aldanmış kəvakib”, S.Rəhimovun “Mehman” İ.Hüseynovun, Anarın, Elçinin povestləri bu janrın bitkin nümunələridir.
Roman – fransız sözüdür, vaxtilə roman dilində yazılmış əsərlərə deyilib. Epik növün irihəcmli, mürəkkəb janrı olan roman təhkiyə əsasında yazılır. Romanda həyat hadisələri, insan taleyi geniş, əhatəli şəkildə əks etdirilir. Roman üçün zəngin hadisələr, mürəkkəb əhvalatlar, canlı insan xarakterlərinin bədii lövhələrlə ifadəsi səciyyəvidir. Romanda təsvir edilən hadisələr zaman etibarilə böyük bir dövrü əhatə edir, çoxşaxəli olur, qəhrəmanların sayı çox olur. Qəhrəmanların keçdiyi həyat yolu, arzu və istəkləri, mənəvi axtarışları, hadisələr bütün mürəkkəbliyi, təfərrüatı ilə əks etdirilir. Bu baxımdan roman povest və hekayədən fərqlənir. Bəzən bir romanın qəhrəmanları iki, üç romanın iştirakçısı olur. İki romandan ibarət belə əsərlər dilogiya, üç romandan ibarət əsərlər trilogiya adlanır. Roman, əsasən, nəsrlə yazılır. Lakin nəzmlə yazılan romanlar da vardır. Bunlara mənzum roman deyilir. Romanın mövzu baxımından müxtəlif növləri var: tarixi, macəra, ailə-məişət, fəlsəfi və s.
Azərbaycan ədəbiyyatında M.S.Ordubadi, Ə.Əbülhəsən, S.Rəhimov, M.İbrahimov, M.Hüseyn, İ.Əfəndiyev, İ.Şıxlı, Anar, Elçin romanın dəyərli nümunələrini yaratmışlar.
Sərbəst şeir – əruz və heca vəzninin qaydalarına, tələblərinə riayət edilmədən yazılan şeir. Əgər heca vəznində hecaların sayı, əruz vəznində hecaların keyfiyyəti (uzun-qısalığı) əsas götürülürsə, sərbəst şeirdə bunlar əsas deyildir. Eləcə də sərbəst şeirdə bölgü, qafiyə, bənd, təqti və s. tələblərə ciddi şəkildə əməl edilməsi tələbi yoxdur. Sözlər misralarda səpələnmiş halda olsa da, tələffüzdə ahəng baxımından bir misra təsiri bağışlayır. Sərbəst şeirdə ahəng tarazlığı, əsasən, vurğu, intonasiya vasitəsilə təmin edilir. Sərbəst şeir nümunəsi yaratmaq şairdən böyük istedad, sənətkarlıq tələb edir. XX əsr ədəbiyyatımızın görkəmli nümayəndəsi M.Müşfiqin “Tar” əsəri sərbəst şeirin uğurlu nümunələrindəndir.