− Sözüm yoxdur, ancaq bilmirəm, bu ərizənin başında nə var ki, bu gün on gündür yazılıb başa gəlmir. Əlindəki köhnəlmiş kağız parçasını göstərərək:
– Bax, bunu bir nəfər bir həftəyə yazıb mənə verdi, o da deyirsən ki, bir işə yaramır.
– Nənə, onu kim yazıbdır?
– Nə bilim, sənin kimi bir oğlan.
– Nənə, get bunları öyrən, gəl, sabah kağızını yazaram.
– Nə bilim, ömrün uzun olsun. İndi deyirsən, sabah gəlim... Yaxşı... zəhmət verdim, sağ ol.
О birisi gün evə gəldiyim zaman nənə oturub məni gözləyirdi. Görüşdük, danışdıq. Ruhunun ən incə tellərinə toxundum. Zavallı qarı yaralanmış dişi aslan kimi inləyərək, əvvəlləri cox dalğın, sonra get-gedə şirin bir dillə qeyb etmiş olduğu gəncliyindən, sevgi və sevinc dolu bahar günlərindən danışmağa başladı. Bir qədər gülüşdük, əyləndik. Hətta adını belə öyrəndik. Adı Anabacı idi. Nəhayət, ortalığa yenə ərizə məsələsi atıldı.
– Nənə, dediklərimi oğlundan öyrənə bildinmi?
О, qəti bir səslə:
– Öyrəndim, oğlum. Sən yaz ki, naçalnik oğluma bir kağız versin.
– Nə kağız versin?
– Kağız versin ki, o, yoxsuldur. Altı baş adam saxlayır, özü də qızdırma içində yanır.
– Nənə, o kağızı naçalnik vermir.
– Yox, sən yaz ki, naçalnik versin.
– Hansı naçalnik?
– Nə bilim, sən elə naçalnik yaz!
Qollarım ümidsiz bir halda yanıma düşdü. Bir anama baxdım, bir də dönərək Anabacını gözucu süzdüm. О da heyrətlə mənə baxırdı. Anam dedi:
– Оğlum, qalx, Anabacı ilə bərabər get, oğlu əhvalatı sənə desin.
Anabacının üzü gül kimi açıldı:
– Ay atana rəhmət, belə yaxşıdır, – dedi.
Qalxdım, bərabər getdik, yolda soruşdum:
– Nənə, eviniz haradadır?
– İkinci küçə var ha... (əlləri ilə uzaqları göstərərək) orada oluruq. Cox uzaq döyül. Mən hər gün buralardan gəlib keçirəm.
Xeyli getdikdən sonra dar bir dalan başında Anabacının evinə yetişdik. Kiçik, qaranlıq bir otağa girdik. Оtaq kasıb döşənmiş, dörd-beş şəlpədən ibarət idi. Bir tərəfdə Anabacının cəhrəsi dururdu. Оtağın baş tərəfində xəstə oğlu Atababa yatağında uzanmışdı. Qızdırmanın boğucu pəncəsi altında uzun müddətdən bəri əriyib qurumaqda olan bu gəncin san bənizinin yanaq sümükləri cıxmış, qalın qara qaşları altında rəngsiz gözləri sönük-sönük parıldayırdı.