“Dövlət müstəqilliyi dövründə Azərbaycan ədəbiyyatı”
bölməsi üzrə
Zəlimxan Yaqub
DUR AYAĞA, MƏMLƏKƏTİM!
(ixtisarla)
Düşmən bilir, bu topağın altı nədir, üstü nə,
Onunçün də od yağdırır gecə-gündüz üstünə.
Qurban olum dumanına, qurban olum tüstünə,
Qılınca dön, həqiqətim, qalxana dön, qeyrətim!
Dur ayağa, məmləkətim, qalx ayağa, millətim!
Şuşa, Laçın, Xocalı qovrulur öz yağında,
Yetmiş yeddi yara var sinələrin dağında.
Vaqif, Şəmşir, Ələsgər düşmənin tapdağında,
Dağ yandırar intizarım, daş yandırar həsrətim,
Dur ayağa, məmləkətim, qalx ayağa, millətim!
Məzarsızdır meşələrdə qaçqın olub ölənlər,
Kəfənsizdir son tikəni körpəsi ilə bölənlər.
Qismətimiz uçurumlar, aşırımlar, bələnlər,
İçərimi yedi-tökdü hirsim, kinim, nifrətin,
Dur ayağa, məmləkətim, qalx ayağa, millətim!
İtkinlərin tapılsa da, ölənlərin dirilməz,
Baltalanıb budanmışam, budaqlarım gərilməz.
Ağac əkdim, meyvələri öz əlimlə dərilməz,
Yağıların pəncəsində cəhənnəmdir cənnətim,
Dur ayağa, məmləkətim, qalx ayağa, millətim!
Haqsız meydan suladıqca əlimizdən haqq gedir,
Gözümüzdən arx açılır, çay gedir, bulaq gedir.
Qarış-qarış, parça-parça yurd gedir, torpaq gedir,
Mən ki əsir olmamışam, nədir bu əsarətim?
Dur ayağa, məmləkətim, qalx ayağa, millətim!
Nifrətini silah elə, gəl silahı gözləmə,
Sarıl bu inamına, gəl sabahı gözləmə.
Haqqa güvən, nə gədanı, nə də şahı gözləmə,
Ona-buna göz dikənə yoxdur mənim rəğbətim,
Dur ayağa, məmləkətim, qalx ayağa, millətim!
Torpağımız neçə dəfə tapdalanmış, talanmış,
Duru gözlü çeşmələrə qızıl qanlar calanmış.