Budəfəki səsində bir dirilik, bir ümid əsəri vardı, siması indi başqa bir rəng, başqa bir şəkil almışdı. Yenə birdən-birə əvvəlki tərzdə:
– Bu, kimə çatacaq, sən onu oxu! – dedi.
– Nənə, o xüsusda bir şey yazılmamışdır, – dedim.
Qadının qolları ümidsiz bir halda yanına düşdü:
– Allahü əkbər! Bir həftədir ki, bu kağızı yazdırıb başa çıxarda bilmirəm, – deyə üzü bulud kimi qaraldı. Ruhunu sızladan həzin çırpıntılara, qəlbini inlədən dərin yaralara tərcüman olmayan bu kağız parçasını iki barmağı arasında sıxaraq çaşqın bir halda:
– Bəs mən nə edim? – deyə yavaşca pıçıldadı.
Səfalətin canlı bir heykəli olan o qarının almış olduğu vəziyyət məni də çaşdırdı. Оna baxaraq düşünürdüm. Bu zavallı qarı altmış illik ömrünün acı fəlsəfəsinin xülasəsi olan o ifadəni neçə dəfə təkrar etmişdi?! “Bəs mən nə edim?” Neçə dəfə bu dumanlı və qaranlıq sual cavabsız qalaraq, ürəyinin dərin guşələrinə gömülmüşdü?! “Bəs mən nə edim?”
Neçə dəfə bu kar və dilsiz mühitdən bu acı sualına cavab ala bilməmişdi?!
Hələ bu qarı tərəddüdlü və çaşqın vəziyyətlə qarşımda durur, həyatın qorxunc ildırımları ilə alt-üst olan arzuları kimi ölgün, boynubükük kağızına baxırdı.
– Nənəcan! – dedim, – gəl bizə gedək, sənə istədiyin kağızı yazaram.
Bərabər evə gəldik, oturdu, ailə üzvləri ilə tanış oldu. Anamla dərdləşdi, ta uşaqlıqdan bəri onu ağır yumruqları ilə əzən dərdlərini, fəlakətlərini bir-bir danışdı. Sonra dərindən içini çəkərək:
– Оğlum, mən deyim, sən yaz! – dedi, – mənim oğlum vağzalda qulluq eləyir (əlləri ilə uzaqları göstərərək), orada bir məktəb var, orada oxuyur. Yaz ki, mənim oğlumun heç kəsi yoxdur. Mən iki qızımı, iki də nəvəmi saxlayıram. Sənin başın üçün, üç aydır naxoşdur, üşüdüb-qızdırır.
– Nənə, bu ərizəni oraya nə üçün verirsən?
– Qulluq versinlər.
– Vağzalda oğlun nə işdədir?
– Оnu bilmirəm.
– Bu kağız kimə veriləcək?
– Naçalnikə
– Hansı naçalnikə?
– Mən oxumuş adam deyiləm, onu sən bilirsən. Yaxşı, sən naçalniki tanıyırsan?
– Nənə, naçalnik çoxdur, hansı naçalnikə yazılacaq, onu bilməliyik, – dedim. Dərin bir sükut...
– Nənə, sən get evə, oğlundan bunları öyrən. Birinci, bu ərizə kimə veriləcək, ikinci, oğlun nə iş istəyir və harada istəyir, sabah bu zaman gəl, kağızını yazaram.
Qoca qadın susdu, bir az düşündükdən sonra başını qaldırıb dedi: