Binnət sazı gətirib stolun küncünə söykənmişdi, bayaqdan bəri ağzından bircə kəlmə də söz çıxmamışdı. Danışan Əjdərlə Əfəndi idi. Hər şeydən danışırdılar – ala dağdan, qara dağdan, öləndən, qalandan – təkcə “Jiquli”nin vurulmağından danışmırdılar, “min manat” məsələsini dillərinə gətirmirdilər.
Gəlin stolun üstünə dərin buludda çolpa çığırtması qoydu. Süfrəni sahmana salıb kölgə kimi yox oldu. Ağarəhim ac idi, di gəl ki, boğazı tikilmişdi, loxmasını güclə udurdu. Gözləyirdi ki, Əfəndi nə vaxt dillənəcək, nə vaxt deyəcək ki, “çörəyini rahat ye, pulun dərdini çəkmə, min manat budu ha, cibimdədi”. Amma Əfəndi olan kəs bircə dəfə də soruşmurdu ki, “qonaq qardaş, kimsən, nəçisən, hardan gəlib, hara gedirsən?”
Əjdər sazı köynəkdən çıxarıb basdı sinəsinə. Başını sazın sağanağına qoyub, gözlərini yumdu…Ağarəhimin saz havalarından o qədər də xoşu gəlmirdi, illərlə eşitməsəydi, yadına düşməzdi. Amma indi Əjdərin şövqlə çalmağı heyrətə gətirmişdi onu. İnana bilmirdi ki, saz belə dillənə bilər, sızıldaya bilər.
Əjdər başını qaldırdı, amma gözlərini açmadı.
– Əfəndi, dərdin alım, qulaq as, bu havanın adı “Göyəzən gözəlləməsidi”, özüm düzəltmişəm, – dedi və başladı yeni hava çalmağa. Bir neçə mizrab vurub dayandı. Sazı köynəyə sala-sala: – Eh, ay fələk, – dedi, – mən Göyəzənin təpəsinə nə vaxt çıxacam?
Heç kim dillənmədi. Hamı hiss eləyirdi ki, süfrə arxasında söhbət tutmur; sözlərdən elə bil daş asılmışdı. Əjdər stəkanının dibində qalmış çaxırı bir atıma içib ağzını marçıldatdı.
– Ayə, ay Əfəndi, hardan alacaqsan, ə, min manatı?
Əfəndi ona təpindi:
– Ə, kiri, ə! Ölkə viran qalmayıb ha! Dünyada təkcə ölümə çarə yoxdu. Təki can sağ olsun, hər şey düzələr.
Əjdər qızışmışdı:
– Ayə, Binnətin evini bazara töküb satsan, heç min manat düzəlməz. Min manat az puldumu, allahsız?
Əfəndi də qızışdı:
– Ağzımı açma mənim! Binnətin bir inəyi var, iki danası var! Mənim də evimdə xəlixəlçə var! Binnətin kişi təkin bacısı var, onun da saxlancı olar yəqin. Çıxardarıq bazara, satarıq. İntəhası, qonaq qardaş gərək bir az ləngisin.
Ağarəhim ürəyində: “Gözləyərəm, – dedi. – Sabah tezdən instituta təcili teleqram vuraram, bilərlər ki, gecikəcəm”.
Əjdər həyətdən çıxandan sonra səsi yoldan gəldi:
– Mən Əjdərəm haa! Əjdərəm!.. Əjdər!
Əfəndi, Ağarəhimin qolundan tutub kənara çəkdi:
– Qardaş, uzan, rahat yat. Necə demisən, heylə də olacaq.
Ağarəhim dirənə-dirənə dedi:
– Məndən inciməyin… Özünüz bilirsiniz də… təzə maşındı… İnciməyin…
– Niyə inciyirik, ay sağolmuş? Sən bizdən incimə ki, bizim ucbatımızdan… Ürəyini buz kimi elə… Səhər sənə xəngəl də yedizdirəcəyik, pulunu da düzəldib verəcəyik… Di, salamat qal, dərdin alım. Gecən xeyrə qalsın. Mən getdim.
Ağarəhimin xahişi ilə onun yerini çöldə saldılar. Otaqdan yaylı, dəmir çarpayı çıxarıb, armud ağacının dibinə qoydular.
Ağarəhim yatağa paltarlı uzandı, heç ayaqqabılarını da çıxarmadı. Əzgin, yorğun olduğunu, bütün canının sızıldadığını indicə hiss elədi. Beyni də ağırlaşmışdı, amma yuxusu gəlmirdi.