– Bacarmadığın işə niyə girişirsən? – dedi, – maşını day da şikəst elədin! – üzünü Binnətə tutdu, – yekə oğlansan! – dedi, – qanacağın, mərifətin olsun! Məni avara qoymusan burda! İstəyirsən, sənə pislik eləyim?! Pislik eləməyə gücüm çatar!
Binnət yazıqlıq yağan iri gözlərini döyə-döyə qaldı.
– Pislik niyə, dərdin alım? Bir xatadı, olub. Qardaşıma ismarış göndərmişəm, qoy gəlsin, görək neynirik.
– Sabah mən Bakıda olmalıyam, başa düşürsən?!
– İndi ki kənd ustasına ürək qızdırmırsan, deyirəm, bəlkə aparıb Bakıda düzəltdirəsən. Xərci nə qədər eləyir, de, ordan-burdan tapıb verərəm.
Ağarəhim bilmirdi ki, maşın nə qədər xərc aparacaq. Qiymət deməyə qorxurdu. Qorxurdu ki, birdən az deyər. Amma dedi:
– Min manat! – Ağarəhim Binnətin üzünə baxmadı, bilmədi ki, oğlanın sir-sifəti nə kökə düşdü.
Əjdər lingi, çəkici tulladı.
– İnsaf elə, ayə! – dedi. – Min manat nədi?
– Bəs nə bilmişdin, əşi? Təptəzə maşındı, dörd ay deyil aldığım.
Əjdər başını buladı:
– Allahın olsun, ayə, min manat çölə tökülməyib.
Söz Ağarəhimin ağzından çıxmışdı, vəssalam. Durub alver eləməyəcəkdi ki, burda. Qəti dedi:
– Min manat!
Əjdər sətin pencəyini düymələyə-düymələyə gedib çıxdı artırmaya. Çarpayıda, kök arvadın yanında oturub əllərini ölçə-ölçə başladı danışmağa.
Binnət başını aşağı salıb Ağarəhimin qabağında şaxta vurmuş toyuq təkin dayanmışdı, yanıqlı-yanıqlı siqaret çəkirdi. Handan-hana başını qaldırıb qorxa-qorxa soruşdu:
– Bəlkə, yönnəşək, a dayı?
Ağarəhim sövdələşməyə son qoymaq üçün səsini qaldırdı:
– Söz bir dəfə olar!
Həyətə alçaqboy, tökməbədən, qırmızıyanaq bir kişi girdi. Binnətə zərrəcə oxşarı olmasa da, Ağarəhimin ürəyinə damdı ki, Binnətin qardaşıdı bu, “Əfəndi” deyilən adam budu.
– Xoş gəlibsən, dərdin alım, – deyib kişi Ağarəhimin yumşaq əlini daş kimi bərk, cod əlinin içində sıxdı. – Bə niyə burda ayaqüstə dayanmısan? – Üzünü artırmaya tutub: – Ana, hey! – dedi. – Qonağa beləmi qulluq eləyirlər?! Bəs hanı sizin süfrəniz, hanı yemək-içməyiniz?!
Kişi Ağarəhimin əlini buraxıb artırmaya getdi. Əjdər başını yırğalaya-yırğalaya Əfəndiyə nəsə dedi. Arvad əlini dizinə çırpıb vaysınanda Əfəndinin, deyəsən, acığı tutdu.
– Qaraçılıq eləməyin, siz Allah! – dedi. – Əziziniz ölməyib ha!
Artırmadakı ortalıq stolunu sinəsinə qaldırıb aşağı düşürtdü.
– Tez olun görək, acından qırıldıq!.. Əyə, bu gəlin harda itib?!
Gəlin ağappaq süfrə gətirib stolun üstünə saldı. Əfəndi Ağarəhimi çağırdı:
– Bəri gəl, dərdin alım. Görürəm, büyün bunnar sənə sitəm eləyiblər. – Bayaqdan farağat vəziyyətində dayanmış Binnətə dedi: – Get Əjdərin sazını gətir, qoy bir az dınqıldatsın, qulaq asaq.
Ağarəhim çay içə-içə fikirləşirdi ki, nə yaxşı, Əfəndi gəlib çıxdı. Əfəndinin gəlişi ilə Ağarəhimin nigarançılığı, narahatlığı sovuşmuşdu, ürəyində səbəbini özünün də anlamadığı bir arxayınlıq, ümid yaranmışdı. Hərdən Əfəndinin qan daman yanaqlarına, qalın pırpız qaşlarına, çat-çat yoğun barmaqlarına göz yetirirdi və inanırdı ki, belə adam dağı dağ üstünə qoyar, belə adam etibarlı olar, insaflı olar, haqqı nahaqqın ayağına verməz, dostu-yoldaşı darda qoymaz. Əfəndinin gözlərindən nur tökülürdü və Ağarəhimin ürəyini işıqla, ümidlə dolduran da, deyəsən, elə bu nur idi.