Əjdər qapıdan yapışıb qalxdı. Ağzına buz qoymuş adam təkin dilini güclə tərpətdi.
– Qonaq… xoş gəlib… – İrəli yeriyib Ağarəhimə əl verdi, – ürəyini sıxma, bajoğlu, – dedi. – Mən… bu saat…
Əjdər:
– Budumu, ayə, maşın? – deyib ləngərlənə-ləngərlənə “Jiquli”yə tərəf getdi.
Binnət uşağı maşından düşürtdü, oturacağa tökülmüş şüşə qırıntılarını təmizlədi.
Əjdər “Jiquli”nin vurulmuş yerini diqqətlə nəzərdən keçirəndən sonra üzünü Binnətə tutdu.
– Ayə, bekara şeydi… Başın haqqı… canını alacam bunun, cərcənəyini ayıracam, – dedi və çayırlıqda oturub qıçlarını uzatdı.
Ağarəhim arxasını Əjdərə çevirib Binnətə pıçıldadı:
– Deyəsən, keflidi bu.
– Bu batmışın ayıq vaxtı olurmu heç? Çox zirək adamdı: beş kişinin işini təkbaşına görər, “yoruldum” deməz. Əlləri qızıldı bunun… Sən narahat olma, bircə saata düzəldəcək maşını.
Əjdər siqaretdən dərin qullab alıb çayırlığa dirsəkləndi.
– Ayə!.. A Binnət! Qonaq yoxsa mənnən danışır? Elə bilir… kefliyəm… heləmi?.. Ayə, mən Əjdərəm haa. Qonağa denən, – yumruğunu sinəsinə vurdu, – mən Əjdərəm haa.
Binnət gülümsədi:
– Demişəm, əşi.
– Di get, bir dolça su gətir, ciyərim yanır.
Binnət getdi su gətirməyə.
Binnətin gətirdiyi suyu Əjdər çənəsinə, sinəsinə axıda-axıda ləzzətlə içdi. Ağarəhim dodaqlarını yaladı, amma su istəməyə utandı.
Əjdər:
– Ya Allah! – deyib qalxdı. “Moskviç”in yük yerindən paslı bir ling çıxartdı. Elə bil illərlə əl dəyməmişdi bu lingə, illərlə yağışın altında, palçığın içində qalmışdı. Taxta çəkic çıxartdı. Dizlərini yerə qoyub, lingi “Jiquli”nin əzilmiş qanadının altına saldı. Bir dartdı, iki dartdı, çöl tərəfdən taxta çəkiclə bir vurdu, iki vurdu və əzik qanad çartıldayıb bir qarış uzunluğunda cırıldı. Əjdər əl saxladı.
– Baho! Buna nooldu, ayə? – dedi, – Bu andır lap kağızdanmış… Mənnən çıxmaz iş… Niyə cırıldı, ayə, bu?
Ağarəhim acıqlı-acıqlı Binnətə baxdı. Maşın vurulanda heç bu qədər dilxor olmamışdı, bu qədər heyifsilənməmişdi. Az qaldı, Əjdərin qolundan tutub fırıldatsın qırağa.
Əjdər özü çəkildi kənara. Lingi, çəkici tulladı yerə.
– Əllərim niyə əsdi, ayə, mənim? – dedi. Əjdər də təzədən çayırlıqda oturdu.
– Düzələcək, – dedi, – səbrini bas… O cırılan yerə fikir vermə. Lehimləyəcəm, olacaq anadangəlmə. Düzü, mən həmişə yekə maşınları abıra salmışam… Leqkovoy da düzəltmişəm ha… “Moskviç” filan… “Jiquli” birinci kərədi… Qəm eləmə... Əjdər olan yerdə nə qəm? – dedi, ancaq hiss olunurdu ki, Ağarəhimdən çox, özünə ürək-dirək verir.
Binnət xəcalətindən Ağarəhimin üzünə baxa bilmirdi. Əjdəri tərifləmişdi, Əjdərə güvənmişdi, sən demə, Əjdərin də bacarmadığı işlər varmış. Binnət ürəyində Allaha yalvarırdı ki, Əjdərə kəramət versin, fərasət versin, Əjdər də onu bu bəladan qurtarsın.
– Ya Allah! – deyib Əjdər ayağa qalxdı.
Ağarəhim görürdü ki, Əjdər “Jiquli”yə yaxın getməyə ürək eləmir, qalıb dirənə-dirənə.
Əjdər lingi, çəkici götürüb:
– Başladıq, – dedi, amma hiss olunurdu ki, başlamaq istəmir.
Ağarəhim hirsini boğa bilmədi: