– Qarabəxtdi bu gədə. Anadan olannan xata-bala başından əskik döyül. On yaşınacan azar-bezar qoymadı gözünü açsın. Deyirdik, sağ qalmaz bu, ölər, amma ölmədi. Di gəl ki, fərri də böyümədi – yanıq oldu. Qurban olum Allaha, özü bilən məsləhətdi… Xalqın uşaqları oxuyub qulluq yiyəsi oldular. Dərs bu qansızın qafasına batmadı. Qabağında ata vardımı ki, təpəsinə döyə-döyə oxudaydı? Binnətin beş yaşı olanda kişi köçünü sürüb getdi bu dünyadan. Mənim də başım öz əlimdə döyüldü ha. Sovxozda işləyirdim, hava işıqlanmamış gedirdim, qaş qaralanda qayıdırdım.
Arvad üzünü göyə tutub ah çəkdi. – Bunnarı müsibətnən böyütmüşəm, dərdin alım. İndi pensiyədəyəm, ayda iyirmi üç manat alıram hökumətdən. Heç onu verməsələr də, dolanaram. Mənim nə xərcim, nə çıxarım var ki? Əfəndi sovxozda traktor işlədir, ayrıca ev-eşiyi var, məni də yadından çıxartmır, Allah mənim ömrümdən kəsib onun ömrünə calasın. Qızdan da razıyam. Təkcə bu gədə… – arvad başındakı qıyqacın ucuyla salamat gözünün yaşını sildi. – Ayaqlarıma yel gəlib, – dedi, – canımın hayındayam, bu baxtıqara da ömrümü bir yannan baltalayır.
Arvadın dərd-gileyinə qulaq asmağa həvəsi yox idi Ağarəhimin. Qorxurdu ki, birdən ürəyi yumşalar, Binnətə rəhmi gələr. Darıxa-darıxa saatına baxdı. İstədi uzaqlaşsın arvaddan, amma arvad onun niyyətini hiss edibmiş kimi burnunu çəkib danışmağa başladı.
– Bir yerdə dayana bilmir gədə. Gah sovxozda fəhlə oldu, gah dəmir yolunda işlədi. Sonra Əfəndi yaxalayıb apardı yanına, traktor sürmək öyrətdi ona. Ordan da qaçdı. Nə qədər avaraavara gəzdi. Getdi əsgərliyə, orda şoferlik oxudu… Qayıdanda sovxozda köhnə bir maşın verdilər ona. Ağıllanmışdı, başını aşağı salıb işləyirdi. Dedik, day kişi olub, evləndirdik. – Arvad başıyla artırmadakı gəlinə işarə elədi. – O halal süd əmmişi aldıq ona… Bir qızdarı oldu, – odu, o sənin maşınında oturan. Allah Binnətin başına gürşadını tökdü: maşını aşırtdı gədə. Alverçilər təlləyib ağlını əlinnən alıblar, o da cavandı dana, pula tamah salıb, gecəynən maşını kələmnən nıxlayıb sürüb. Qurban olduğum Tanrı da nəzərini çəkib bunnan: maşın budu ha, uçub dərənin dibinə. Alverçilərdən birinin qolu sınmışdı, birinin qılçı şikəst olmuşdu, özünün heç burnu da qanamamışdı. Binnəti tutub damladılar, bir il türmə kəsdilər ona. Gədə türməyə girən günnən gəlinin gözünün yaşı əlində oldu. Səhər-axşam yumdutökdü. Nə illah elədim, kirimədi.
Ağarəhim, az qaldı, üzünü arvada tutub desin ki, “ay ana, ay xala, məndə günah yoxdu, mən pis adam deyiləm. Əgər mərdimazar olsaydım, sənin oğlunu verərdim inspektorun əlinə, oğlunun da yaxası qurtaranacan dərisi boğazından çıxardı”.
– Türmədən təzəcə gəlib tifağı dağılmışın balası. Yalvar-yaxardan, minnət-sünnətdən sonra sovxoz bir maşın verdi ona. Maşınnıq qalmayıb ha onda: təpədən dırnağa calaqdı, yamaq-yamaqdı. Bir gün işləyəndə beş gün özünə gəlmir… Səhər tezzən Binnət dedi, ay ana büyün bazardı, gedim heyvanlara ot-ələf gətirim. Dedim, getmə, bala. Ürəyimə nəsə dammışdı, gecə pis yuxu görmüşdüm. Həm də bilirəm axı, xata bunun boynunun ardınca gəzir… Getdi. Axırda da belə oldu… İndi neynəyəcək, başına haranın daşını salacaq? Pulu-pənəsi hardadı onun?
Arvad qıçlarını çəkə-çəkə evə tərəf gedirdi. Deyəsən, ürəyini boşaltmışdı, nə demək lazımdırsa, demişdi qonağa. İndi qonaq bilər, qonağın Allahı bilər…
Tüstülənə-tüstülənə, nərildəyə-nərildəyə həyətə bir “Moskviç” girdi və düz Ağarəhimin yanında dayandı. Binnət maşından düşüb:
– Şükür allaha, – dedi. – Əjdəri tapa bildim.
Əjdər “Moskviç”in qapısını açıb ayaqlarını salladı. Elə oturduğu yerdəcə Ağarəhimə baxıb, yüz ilin tanışı kimi gülümsədi. Bu da eynən Binnət kimi arıq, çəlimsiz idi, bunun da yaşını dürüst demək mümkün deyildi.
Binnət tələsdirdi onu.
– Əyə, düşsənə, a tanrısız!