Oğlan başladı dil tökməyə:
– Vallah, düzəltdirəcəm maşınını. Vurulmağı qətiyyən bilinməyəcək. Bütün xərci mənim boynuma.
– Nəyi düzəltdirəcəksən? – dedi, – şikəst eləmisən maşını. Mən sabah Bakıda olmalıydım. Neynəyim indi?
Oğlanın arıq üzündə məlul-məhzun bir ifadə yarandı, iri gözlərindən mütilik töküldü və bu gözlər dilə gəlib dedi ki, “döy məni, söy məni, vur öldür – haqlısan”.
Oğlan çəkinə-çəkinə:
– Gedək, – dedi. – Günü bu gün düzəltdirəcəm. Səni gecəynən özüm aparıb qoyaram Bakıya.
Ağarəhimin susmağı oğlanın dilini bir az da açdı.
– Qurban olum, ay dayı, onsuz da mənim əskim tüstülüdü. Bir xatadan təzəcə qurtarmışam, ikinci xataya düşməyimin sənə nə xeyri? Bir parça çörəyimi əlimdən niyə alasan axı? Allah səni saxlasın, gedəkmi? – Oğlan yük maşınının ayaqlığına qalxdı. – Dalımca sür, – dedi, – fikir eləmə, vallah, düzələcək.
Ağarəhim “Jiquli”yə oturdu – niyə oturdu, özü də bilmədi – irigöz oğlanın ardınca getmək istəmirdi, əzilmiş maşınla yolda da qalmaq istəmirdi. Ağarəhim odla su arasında vurnuxan adama bənzəyirdi, amma bilmirdi ki, od hansı yandadı, su hansı yanda.
Ot maşını yavaş-yavaş uzaqlaşırdı. Ağarəhim maşının ardınca baxdı, baxdı və bayaqkından da betər qorxdu: “Deyəsən, aradan çıxır köpəyoğlu”. Amma ot maşını dayandı, oğlan başını kabinədən çıxarıb Ağarəhimə əl elədi və Ağarəhim “Jiquli”ni kənd yoluna döndərdi…
Doqqazı enli, hasarı kol-kosdan olan bir həyətə girdilər. Oğlan kabinədən düşən kimi hələ də sükan arxasında donuxub qalmış Ağarəhimə yaxınlaşdı.
– Xoş gəlmisən, qardaş, – dedi, sonra üzünü kürsülü evə tərəf tutub çağırdı, – Ay ana! Qonağımız var!
Ağarəhim oğlanın üz tutduğu səmtə baxa-baxa maşından çıxdı və gördü ki, kürsülü evin artırmasında taxta çarpayının üstündə kök, yaşlı bir qadın oturub. Qadın yanındakı qıyqacı götürüb başına saldı.
– Qonağın qədəmlərinə qurban olum, – deyib hıqqana-hıqqana çarpayıdan düşdü.
Arvad ayaqları uyumuş adam təki yeriyirdi, elə bil ağır bədənini gəzdirməyə qıçlarının gücü çatmırdı. Uzun, gen tumanı onu bir az da kök göstərirdi. Çatıb Ağarəhimə əl verdi, nəfəsi təngiyə-təngiyə:
– Xoş gəlmisən, atam-anam, – dedi.
Ağarəhim başını tərpətdi. Borcu deyil ki, tanımadığı adamlara dil-ağız eləsin. Arvadın üzü qaramtıl idi, bir gözü yarıyacan ağ pərdə ilə örtülmüşdü. Ağarəhimin key-key dayandığını görüb, əvvəlkindən də mülayim səslə:
– Öyə keçsənə, dərdin alım, – dedi.
Ağarəhim dodaqlarının altında mızıldandı. Arvad dönüb evə tərəf gedə-gedə:
– Ay gəlin, hey! – çağırdı, – ustul gətir qonağa!
Gəlin əlində stul otaqdan çıxdı, elə bil bayaqdan stulu götürüb içəridə hazır dayanmışdı. Stulu, az qala, yüyürə-yüyürə gətirib armud ağacının kölgəsinə qoydu və tez də artırmaya qayıtdı. Tanınmaza-bilinməzə belə qəbul Ağarəhimin xoşuna gəlmədi. Ağarəhim nəzərləri ilə oğlanı axtardı. Oğlan ot maşınının qabağında dayanıb yanıqlı-yanıqlı siqaret çəkirdi. Yanında üç-dörd yaşlı qız uşağı durmuşdu. Qız çitdən düzəldilmiş gəlinciyi sinəsinə sıxıb altdan-yuxarı oğlana baxırdı, amma oğlan, deyəsən, onu görmürdü.
Yaxınlıqda dənlənən toyuqların üstünə cumdu. Toyuqlar pərən-pərən düşüb qaqqıldaşdılar, tövlənin dalına qaçdılar, oğlan da onların dalınca yüyürdü… Bir azdan hər əlində bir çolpa tövlənin dalından çıxdı.