Ağarəhim Borçalıda cəmi-cümlətanı bircə gecə qaldı. Gərək, heç olmasa, üç-dörd gün gəzəydi burda, üç-dörd gün Bakının basabasından, səs-küyündən uzaq olaydı. Ağarəhim könülsüz- könülsüz “Jiquli”yə oturanda qayınanası yalvardı ki, “qal, getmə”. Ağarəhimin əvəzinə, arvadı Pərvanə cavab verdi: “Getməlidi, – dedi, – gərək işdə olsun”. Ağarəhim maşını tərpətdi, çünki institutda olmalı, axşam şöbəsinin tələbələrindən imtahan götürməli idi…
Ağarəhim fikirləşəndə ki, hələ qabaqda dörd yüz kilometrdən çox yol var, başladı darıxmağa, təntiməyə və o dəqiqə də başa düşdü ki, bu qədər yolu darıxa-darıxa getmək olmaz – adamın bağrı partlayar, vallah.
Ağarəhim maqnitofonun ağzındakı kaseti barmağı ilə qabağa basdı və mahnıya qulaq asaasa fikri çözələndi.
Yolun haçasına çatanda Ağarəhim maqnitofonu söndürdü, sürəti azaltdı, lap haçanın başlanğıcında dayanmış maşının yanından ötəndə qəfil bir taqqıltı eşitdi: “Jiquli” yırğalandı, sağ yandan qabaq qapının şüşəsi çiliklənib oturacağa töküldü, Ağarəhim bu taqqıltıdan, bu yırğalanmadan əvvəl-əvvəl heç nə başa düşmədi, başa düşəndə belindən ağrı qopdu, elə bil böyrəklərinə bıçaq yeritdilər. Əlləri, ayaqları əsdi. Əyləci güclə basıb maşından birtəhər çıxdı.
“Jiquli”nin sağ tərəfdən qabaq qanadı əzik-əzik olmuşdu, qabaq qapı əyilib içəri girmişdi, sağ fənər sınıq-sınıq idi. Ağarəhim qorxudan boğula-boğula, ürəyi titrəyə-titrəyə yük maşınına tərəf baxdı. Ayaqlığın yanında cavan, çəlimsiz bir oğlan donuxub qalmışdı. O qədər arıq idi ki, ovurdu-ovurdundan keçirdi. Nazik, qara bığı olmasaydı, deyərdin, bəs uşaqdı.
Ağarəhimin belindəki ağrı hələ çəkilməmişdi, üşütməli adam kimi qolları, qıçları hələ əsirdi. Boğazı qovuşa-qovuşa:
– Neynədin, əşi? – dedi və ona elə gəldi ki, səsi dilçəyindən bu yana keçmədi, səsi içində qaldı.
Amma oğlan onun sualını eşitmişdi. O da səsi titrəyə-titrəyə:
– Bilmədim, ay dayı, – dedi, – görmədim, vallah.
Oğlanın gözləri ya anadangəlmə belə iri idi, ya da qorxudan irilənmişdi.
Bu titrətməli, əsməcəli vaxtında Ağarəhimin yadına Pərvanənin sözləri düşdü. Pərvanə dönə-dönə demişdi ki, “maşında talisman gəzdir; göz dəyməz, xata-baladan uzaq olarsan”. Ağarəhim talismana, gözmuncuğuna, cadu-filana inanmırdı, amma Pərvanənin sözlərinə baxmamağına indi peşman oldu.
Ağarəhim içindəki əsməcəni büruzə verməmək üçün nəfəsini birtəhər nizamladı:
– Kor idin? – dedi, – görmürdün ki, mən arxadan gəlirəm?
Oğlan udquna-udquna:
– Görmədim, vallah, – dedi, – bu andır maşında dalı göstərən güzgü yoxdu. Ot da gözümün qabağını tutmuşdu, elə dönmək istəyəndə… – Oğlan ürəkləndi, Ağarəhimə yaxınlaşayaxınlaşa: – Şükür allaha, salamatlıqdı, – dedi. Maşının xurd-xəşil olmuş qanadına, içəri batmış qapısına baxdı. – Bunlar düzələr, – dedi, – təki ölüm, xəsarət olmasın.
Ağarəhim yan-yörəyə göz gəzdirdi. Belə işlək yolda, tərslikdən, bir ins-cins də görünmürdü. Bərk ayaqda Ağarəhimin şahidi olardı, tərəfini saxlayardı onun, deyərdi, bu kişinin oğlunda zərrəcə günah yoxdu. Oğlan da Ağarəhim sayağı yan-yörəyə baxdı, sonra iri gözlərini dikdi Ağarəhimin üzünə:
– Ay dayı, – dedi, – gəl çıxaq aradan.
Ağarəhim başını buladı.
– Qoy avtoinspektor gəlsin.