Vaxtdır... Mehdi tapançanı yoxladı. Cəmi bir güllə qalmışdı. Sol əli işləmirdi, Mehdi qanının necə axdığını hiss edirdi. Faşistlər atəşi kəsmirdilər. Mehdi gözlərini yumub tapançanın lüləsini yavaş-yavaş ürəyinə yaxınlaşdırdı.
“Bəli, yaşamaq! Lakin namusla yaşamaq!.. Nə olaydı, güllə yayınmayaydı... – deyə o, qorxu ilə fikirləşirdi, – nə olaydı, güllə düz dəyəydi!”
Barmağı yalnız bircə dəfə hərəkət etdi – qısa və kəskin bir hərəkət... Güllə bu dəfə yayınmamışdı... Mehdinin bədəni çardağın pəncərəsindən küçəyə tərəf asıldı. Onlarca güllə onun bədəninə sancıldı. Vitovle kəndinin qadınları ağlaşıb nalə çəkdilər. Faşistlər quzğun dəstəsi kimi evə tərəf cumdular... Onlar nərdivan tapıb, qabaqda kapitan olmaqla, yuxarı dırmaşmağa başladılar. Kapitan hələ Mehdiyə çatmamış iblisanə qəhqəhə ilə gülə-gülə tapançasının güllələrini bir-bir onun bədəninə boşaltdı. Qırx nəfərə qədər faşist çardağa yığılmışdı.
– Atəş, atəş!.. – deyə kapitan gücü gəldikcə bağırırdı.
Onlarca güllə yenə Mehdinin bədəninə sancılırdı. Lakin o, ağrı hiss etmirdi. Onun siması sakit və qəzəbli idi. O hətta öldükdə belə faşistlərin canını lərzəyə salırdı.
Elə bu vaxt dəhşətli bir partlayış yeri-göyü titrətdi. Çardaqdakı faşistlər canlarını qurtara bilmədilər. Onlar evin tüstülənən xarabazarı altında gömülmüşdülər.
Mehdi qisas alırdı. O, öləndən sonra da qisas alırdı.
Sağ qalmış faşistlər qorxudan kənddən qaçırdılar.
Bu vaxt Vitovle kəndinin qocaları və cavanları, qadınları və qızları Mehdi ilə vidalaşırdılar.
Qoca Tinti üzünü camaata tutaraq yavaş və hüznlü bir səslə danışmağa başladı:
– O dedi ki, biz namuslu adamlarıq. O tapşırdı ki, biz həmişə öz namusumuzu qoruyaq. O, bizə xəbərdarlıq etdi ki, hələ qabaqda çətin sınaqlar çoxdur.
Vitovle kəndinin sakinləri Mehdinin sözlərini həmişə yadda saxlayacaqlarına and içdilər.
Mehdini yüksək və gözəl bir təpənin sinəsində dəfn etdilər. Adamlar gecə-gündüz bu qəhrəmanın məzarının keşiyində durdular.
Uzaq və yaxın kəndlərin əhalisi Mehdinin məzarı üstünə gəlirdi. Qranik kəndinin oğlan və qızları Mehdinin məzarına çiçəklərdən hörülmüş gözəl əklillər düzürdülər.
Qoca Tinti Mehdi ilə vidalaşmağa gələn bütün namuslu adamların qarşısında “Mixaylo” nun sözlərini dönə-dönə təkrar edir və gəncləri onun kimi qəhrəman olmağa çağırırdı.