Məşğələmdən geri dönürdüm. Gecəki yağışın çuxurlarda gölməçələr yaratdığı ensiz bir səki ilə gedirdim. Bu vaxt qarşıma arıq, yamaqlı bir çarşaba bürünmüş qadın çıxdı. Altmış yaşlarında olan bu qadın çarşabı altından damarları görünən sümüklü əli ilə mənə bir kağız parçasını uzadaraq:
– Оğlum, al bu kağızı oxu, gör kimə çatacaq? – dedi.
Bu sözləri elə yanıqlı bir səslə, elə miskin bir tərzdə dedi ki, ürəyimdə hiss etdiyim ağrıdan bütün vücudum titrədi. Gözlərim dərhal gözlərinə dikildi. Ruhunun, qəlbinin iki dumanlı pəncərəsi olan o donuq, o sönük gözlər altmış illik səfil həyatının acı, fırtınalı tarixindən nələr söyləmirdi? Altmış xəzanın şahidi olan o şikayətçi gözlər həyatının uçurumlu və tikanlı yollarında yıxıla-yıxıla süründüyü zaman ona daş qəlbi ilə laqeyd baxan milyonlarla gözlərə nələr anlatmırdı?..
Mənə uzatmış olduğu özü qədər solğun, sarı kağız parçasını alıb oxudum: “Atababa Qulu oğlu altı baş ailə sahibidir”. Kağızda yalnız bu cümlə yazılmışdı. Kağızı ona uzadaraq:
– Nənə, Atababa kimdir? – deyə soruşdum.
Qadın üzümə dik baxaraq:
– Mənim oğlumdur, – dedi.