...Mehdi öz sevincini büruzə verməmək üçün bütün bacarığını sərf etməli oldu. O, sifətinə işgüzar bir ifadə verib küçəyə çıxdı. Meydan boş idi. Mehdi tələsik addımlarla qaranlıq küçədə uzaqlaşdı. Az keçməmiş, dəhşətli partlayış səsi eşidildi.
Mehdi addımlarını sürətləndirdi, qəflətən yük maşınlarının gurultusunu eşitdikdə darvazalardan birinin dalında gizləndi.
O, maşınların ona nə vaxt yaxınlaşacağını cəld hesablayıb çantasındakı partlayıcı maddəni çıxartdı və beş dəqiqəlik kapsulu əzdi.
Budur, birinci maşın yaxınlaşdı. Bir az sonra ötüb keçəcək, Mehdi fürsət tapıb partlayıcı maddəni maşının içinə tulladı və qaranlıqda gizləndi.
Partlayıcı maddə düz maşında əyləşən faşistlərin başına düşdü. Onlar qorxudan özlərini maışnın kənarına atdılar. Dəhşətli bir partlayış maşını parçalayıb göyə sovurdu. Partlayışın dalğası arxada gələn maşını da çevirdi. Maşın dönüb yolu kəsdi. Faşistlər maşınlardan tökülüşüb yaralanmış esesçilərin göstərdiyi darvazaya tərəf cumdular.
Mehdi gücü çatdıqca yüyürürdü. O, sola döndükdə qarşı tərəfdən iki feldjandarmın yüyürə-yüyürə ona tərəf gəldiyini gördü. Onun geri qaçmağa yolu yox idi. Mehdi jandarmların üstünə qaçdı. Nə o, nə də ki jandarmlar güllə atırdı. Onların arasında on iki addıma qədər məsafə qaldıqda Mehdi səkinin üstünə yıxılıb avtomatdan atəş açdı. Jandarmların atdığı güllələr onun başı üstündən keçdi. Mehdi yenə də dalbadal iki atəş açdı. Jandarmlardan biri üzü üstə yıxıldı, o birisi isə divarın dibində büzüşüb oturan yerdə öldü. Mehdi cəld ayağa qalxıb yüyürdü; divarın dibindəki jandarma yaxınlaşdı, tələsik onun avtomatını götürərək uzaqlaşdı.
İrəlidə, yenicə çıxan günəşin şüaları altında Vitovle kəndi görünürdü.
Kəndlilər onu tanıyıb gizlətdilər və yaralarını bağladılar. İki saatdan sonra hitlerçilər bu kəndi də mühasirə etdilər.
Mehdi küçədəki səs-küydən oyandı. O, evin çardağındakı pəncərədən baxdıqda hitlerçilərin kənd əhlini meydana topladıqlarını gördü.
Faşistlər arvadları, uşaqları, qocaları, hətta xəstələri də evlərdən çıxarıb meydana yığırdılar. Həyətlərdəki itlər hürə-hürə soldatların üstünə atılırdı. Hitlerçilər güllə ilə vurub itləri öldürürdülər. Kəndliləri tüfəng qundaqları ilə itələyirdilər. Lakin heç kəs nə zarıyır, nə də qışqırırdı. Qışqıran təkcə faşistlər idi. Kəndlilər isə dinməz-söyləməz meydana toplaşırdılar. Hitlerçilər partizanın harada gizləndiyini soruşduqda adamlar susur, səslərini çıxarmırdılar. Onların arasında bir nəfər də olsun, satqın tapılmadı. Bunu görən hitlerçilər kəndlilərə bildirdilər ki, əgər onlar partizanın yerini deməsələr, bütün kəndi yandıracaq, adamları da qıracaqlar. Kəndlilər bundan sonra da səslərini çıxarmayıb faşistlərin gözlərinin içinə baxırdılar.
Mehdi gördü ki, hitlerçilər fikirləşdikləri tədbiri yerinə yetirməyə hazırlaşırlar. O, ilk yandırılmış evlərdən qalxan tüstünü də, hitlerçilərin meydana toplanmış adamları güllələməyə hazırlaşdıqlarını da gördü.
Mehdi dişlərini bir-birinə möhkəm sıxdı, avtomatını hazırladı. O heç bir təqsiri olmayan adamların həyatına bais olmaq istəmirdi.
Avtomatdan açılan atəş bir neçə hitlerçini yerə sərdi. Bu, həm kəndi, həm də onun cəsur sakinlərini xilas etdi.
Mehdi atəş açmaqla öz yerini hitlerçilərə göstərmişdi. Faşistlər sevincək halda evə tərəf yüyürüşdülər. “Hə, deyəsən, artıq hər şey bitdi”, – deyə Mehdi düşündü.
Topların ağzını evin çardağına tərəf çevirdilər.
– Təslim ol! – deyə kapitan qışqırdı, – təslim olsan, atəş açmarıq!
Mehdi cavab vermədi.