– Mən sizə hesabat verməli deyiləm, cənab kapitan! – deyə, nəhayət, Mehdi dilləndi, – xahiş edirəm ki, məni ləngitməyəsiniz. Doğrusunu deyim ki, bərk yorğunam, uzaqdan gəlirəm.
– Belə de!.. – deyə kapitan kinayə ilə gülümsündü, – deməli, uzaqdan gəlirsiniz? Eybi yoxdur. Sizi yaxşı bir istirahət evinə düzəldərik.
O, qısaca bir əmr verdi:
– Tutun!
Mehdi yan-yörəsinə baxdı. Hər tərəfdə esesçilər durmuşdular.
– Qorxuram ki, sonra bu işinizə görə peşman olasınız, cənab kapitan! – Mehdi kəskin bir hərəkətlə öz icazə vərəqəsini kapitana uzatdı.
Kapitan vərəqəni diqqətlə gözdən keçirdi.
– Qəribədir! – deyə zabit burnunun altında donquldandı. – Axı siz hardan gəlirsiniz?
– Sizin rütbədə və vəzifədə olan bir zabit bilməlidir ki, belə suallara cavab vermək olmaz!
Görünür ki, Mehdinin cavabı kapitan üçün yetərli oldu. O, əlini papağının günlüyünə aparıb dedi:
– Aydındır! Yolunuza davam edə bilərsiniz!
Mehdi xeyli aralanmışdı ki, birdən kapitan arxadan onu səslədi:
– Bir dəqiqə!
Mehdi özünü elə tutdu ki, guya eşitmədi. Arxadan tələsik addım səsləri eşidildi və kapitan da bu dəfə daha inadla qışqırdı.
Mehdi dayanıb səsə tərəf döndü. Kapitan iki esesçi ilə bərabər ona yaxınlaşdı.
– Mən lap yadımdan çıxartmışdım, – deyə o gülümsündü, – bəlkə, siz icazə vərəqənizə qol çəkmiş cənab Şultsun özü ilə şəxsən görüşmək istəyirsiniz? Yəqin ki, ona deyəcək sözünüz var?
Mehdi başa düşdü ki, bu əclafın əlindən yaxasını asanlıqla qurtara bilməyəcəkdir.
– Elə mən cənab Şultsun yanına gedirəm, – deyə cavab verdi.
– Onda sizin üçün uzağa getmək lazım deyil. Cənab Şults bu saat “İl Pikkolo”dadır.
Vəziyyət get-gedə mürəkkəbləşirdi. Mehdi qəti hərəkət etmək qərarına gəldi.
– “İl Pikkolo”dadır? Bəs mən elə güman edirdim ki, onu gestapoda tapacağam. Mən indi ora getmək istəyirdim.
– Xeyr, zəhmət çəkməyin, indi bu saat sizi cənab Şultsun yanına apararlar. – O, arxada duran esesçilərə tərəf döndü: – Cənabı redaksiyaya ötürün!
Mehdi heç bir söz demədən esesçilərin dalınca getdi. Hə, yaxşı eləyib ki, Vasyanı özü ilə götürməyib. O, mane ola bilərdi. Amma yaman tələyə düşüb ha! Yenə də Şultsla görüşməli olacaq. O, Şultsa nə deyəcək? Bəlkə Şults tək deyil, Karranti onun yanındadır, onda nə olsun? Onda... Onda atəş açmalıdır!
Budur, onlar “İl Pikkolo”ya yaxınlaşdılar. Qapıda gözətçilər durmuşdu.
– Daha ötürmək lazım deyil ki? – deyə esesçilərdən biri soruşdu.
– Yox, lazım deyil.
– Cənab zabiti buraxın, – deyə esesçi gözətçilərə əmr etdi, – o, mayor fon Şultsun yanına gedir!
Mehdi içəri girib divarları betondan tökülmüş dəhlizdən keçdi. Divarların dalında maşınlar işləyirdi. Mehdi Şultsla görüşməyə tələsmirdi.
Madam ki o, “İl Pikkolo”ya düşüb, bu təsadüfdən axıra qədər yararlanmalıdır! Əgər, işdir, Şults Mehdiyə rast gəlsə, deyər ki, onu axtarır. Mehdi yarıqaranlıq dəhlizlə yoluna davam etdi. O, partlayıcı maddəni hara qoymağı fikirləşirdi. Sexə girə bilməyəcəkdi. Bir də ki orada iş görmək də çətin idi. Partlayıcı maddəni o dəqiqə görəcəkdilər. “Dayan görüm, dayan görüm... Divardakı bu şüşə nədir? Hə, yanğın şlanqı üçündür! Deyəsən, heç kəs görünmür.