– Əvvəla, – deyə Mehdi səbirsizliklə cavab verdi, – mən on gün olar ki, şəhərdən çıxmışam. Mən cənab Şultsun təsir dairəsindən uzaqda olduğum üçün onun gizli əmrindən xəbərim yoxdur. Mən elə bir yerdə idim ki... Lənət şeytana! Bunun sizə heç bir dəxli yoxdur. İkincisi də, siz bu komediyanı qurtaracaqsınız, ya yox?!
– Hə, belə de, – deyə patrul nəsə başa düşmüş kimi səsini ucaltdı, – deməli, cənab Şultsun təsir dairəsindən kənarda idiniz. Anlayıram, anlayıram. Elə əvvəldən də belə deməli idiniz.
O, icazə vərəqəsini Mehdiyə qaytarıb nəzakətlə üzr istədi:
– Üzr istəyirəm, cənab... bağışlayın... adınızı...
– Mənim adımı bilmək də sizin üçün vacib deyil, – deyə Mehdi icazə vərəqəsini geri alaraq nəzakətlə cavab verdi – siz onsuz da mənim haqqımda lazım olduğundan artıq şey öyrəndiniz.
Mehdi bu narıncı icazə vərəqəsini vaxtında ələ keçirə bildiyinə sevinirdi. Belə vərəqələri, adətən, Şults öz agentlərinə verirdi. Yaxşı ki, “Mixaylo”nun zahiri əlamətlərini təsvir edən elanlar artıq hər yerdən qoparılmışdı. Görəsən, onlar, doğrudan da, “Mixaylo”nun asıldığına inanırlar?..
– Vasya! – deyə Mehdi dostunun çiyninə toxundu, – daha sən mənimlə getməyəcəksən.
– Mehdi!
– Sus! Görmürsən, ikilikdə gəzmək qorxuludur?! Tək olsam, birtəhər başımı qurtararam... Amma səninlə bir yerdə çətindir. Bax məni bu darvazanın dalında gözlə. Mən qayıdanda o saat mənə yaxınlaşma! Bir az ləngiyib bax gör, mənim dalımca gələn yoxdur ki? Elə ki gördün heç kəs yoxdur, onda çıx, arxadan çat! Yox, gördün ki, dalımca gələn var, onda sən də o adamların dalınca düş. Elə ki partlayış baş verdi, necə olursa-olsun onları aradan çıxart. Lap çarəsiz qaldıqda, eybi yoxdur, atəş aç! Ola bilsin ki, biz şəhərdə vuruşmalı olacağıq. Razılaşdıqmı? Ancaq tez ol, Vasya!..
Mehdi “İl Pikkolo” redaksiyasının yerləşdiyi küçəyə döndükdə qeyri-ixtiyari olaraq addımlarını yavaşıtdı. O, burada da gözlənilməz bir vəziyyətlə üzləşdi: esesçilər bütün məhəlləni mühasirəyə almışdılar. Mehdi geri dönmək istədikdə gördü ki, sağ və sol tərəfdən esesçilər ona yaxınlaşırlar. Onlar gəzintiyə çıxıbmış kimi tələsmədən yeriyirdilər. Əgər Mehdi artıq bir hərəkət etsəydi, bütün işləri korlaya bilərdi. Onun arxa tərəfində böyük bir binanın darvazası vardı. Mehdi hiss edirdi ki, ona darvazadan da göz qoyurlar. O, əlini cibinə salıb icazə vərəqəsini yoxladı.
– Cənab zabit, siz burada nə edirsiniz, – deyə ona yaxınlaşan esesçi soruşdu, – hansı hissədənsiniz? Hara gedirsiniz?
“Mən ona nə cavab verim? – deyə Mehdi düşündü, – zabitlik sənədlərini göstərim? Adam nə bilsin ki, burada nə işlər baş verib? Yoxlayacaqlar, çək-çevirə salacaqlar, onda hər şey məhv olub gedəcək”.
Ümid bircə icazə vərəqəsinə qalıb. Onlara heç bir izahat verməyəcəyəm! Bəlkə, birdən icazə vərəqəsini nəzərə almayıb çantanın içini yoxlamaq istədilər?
– Paho, deyəsən, o, heç alman dilini bilmir! – deyə kim isə istehza ilə səsləndi, – bəlkə, rusdur?
– Böyründə çantası da var!.. Mərc gəlirəm ki, çantanın içindəki nə əl-üz dəsmalıdır, nə də diş fırçası!
Qabaqdakı zabit bu dəfə daha sərt bir ifadə ilə soruşdu:
– Mən sizinləyəm, cənab zabit, hansı hissədənsiniz? – o, gözlərini Mehdinin çantasından çəkmirdi.