Son zamanlar “İl Pikkolo” adlı faşist qəzeti lap həyasızlaşmışdı. O, hər gün Hitler ordusunun qələbələri, faşistlərin partizan dəstələrinə divan tutmaları haqda cürbəcür uydurmalar yayırdı.
Vasyanın ayağı sağalan kimi Mehdiyə aman vermir, hey onu dilə tuturdu ki, əməliyyata getmək üçün icazə alsın. Vasya rahatlıq tapmır, Triyestə can atırdı. Axı “İl Pikkolo” qəzetinin redaksiya və ya mətbəəsini, gestaponun binasını partlatmaq lazım idi.
...Vasya ilə Mehdini, demək olar ki, bütün partizan dəstəsi yola salırdı. Onlar öz sevimli kəşfiyyatçılarının arxasınca məhəbbət və intizarla baxırdılar. Kəşfiyyatçılar get-gedə uzaqlaşırdılar. Nəhayət, ağacların dalında görünməz oldular.
Ertəsi gün dostlar artıq Triyestə yaxınlaşırdılar. Hava qaralırdı.
...Vasya ilə Mehdi fəhlə məhəllələri ilə gedirdilər. İlıq və xoş bir axşam idi. Belə axşamlarda ya pəncərə qabağında, ya da darısqal və qaranlıq otaqlardan çıxıb qapı ağzında oturmaq yaxşı olur. Ancaq heç yerdə bu hitlerçilərin əlindən adamlara rahatlıq yoxdur!
Bir qədər sonra artıq Mehdigil tanış küçələrlə irəliləyirdilər. Ətraf qaranlıq zülmət içində idi. Səmada ulduzlar sayrışır, aşağıda isə göz-gözü görmürdü. Lakin birdən-birə yanan fənərlər küçəni işıqlandırdı. Fənərlər həm qabaqda, həm arxada, həm də yanlarda yanaraq Mehdi ilə Vasyaya yaxınlaşırdı.
– Dur! – deyə kim isə bərkdən qışqırdı, – tərpənmə!
Vasyanın əli qeyri-ixtiyari olaraq döşündəki avtomata yaxınlaşdı, lakin Mehdi onu saxladı.
– Sakit ol!
Feldjandarmlar onları sıx bir halqa kimi dövrəyə aldılar.
Mehdi soruşdu:
– Nə var, nə olub?
– Hə, qoy bir baxaq görək, bu qoçağın çantasındakı nədir? – deyə hündürboy, qırmızısifət patrul Vasyaya yaxınlaşdı və əlini onun çantasına uzatdı.
Mehdi təmkinli, lakin amiranə bir səslə xəbərdarlıq etdi:
– Ona toxunmayın!
Ona qədər avtomatın çaxmağı şaqqıldadı. Avtomat lülələri Vasya ilə Mehdinin kürəyinə dirəndi.
Mehdi qəzəbləndi:
– Bu nə hoqqabazlıqdır?
– Xeyr, hoqqabazlıq qurtardı, əzizim! – patrul kinayə ilə gülümsündü, – daha sizin hoqqabazlığınız qurtardı.
– Mən sizə xəbərdarlıq etməliyəm ki, cənab patrul, – deyə Mehdi təkidlə dilləndi, – siz bu dəqiqə öz zarafatlarınızdan əl çəkməsəniz, axırı pis olacaq. Onu bilin ki, mən təcili tapşırığı yerinə yetirirəm!
– Bəli, biz bilirik! Biz hətta kimin tapşırığını yerinə yetirdiyinizi də bilirik!
– Qorxuram ki, səhv edəsəniz, cənab patrul, – deyə Mehdi əlini cibinə salıb narıncı rəngli bir karton çıxartdı və kinayə ilə dedi, – buyurun!
Patrul kartonu Mehdinin əlindən aldı. O, birdən-birə özünü elə itirdi ki, Vasya ürəklənib dikəldi, hətta onun sifətində ötkəm bir ifadə yarandı. Patrulun əlindəki şey şəhər gestapo rəisinin müavini Şultsun özü tərəfindən verilmiş icazə vərəqəsi idi. Triyest şəhərində belə bir icazə vərəqəsi, necə deyərlər, lap daşdan keçirdi. Buna görə də patrul özünü itirmişdi. O, bu dəfə mülayim bir səslə dedi:
– Məni bir məsələ də maraqlandırır. Əgər bu vərəqəni cənab Şults özü sizə təqdim edibsə, onda gərək siz biləydiniz ki, dünəndən bəri onun gizli əmri ilə şəhərdə hərbi qulluqçuların cüt-cüt gəzməsi qadağandır. Üçlükdə, dördlükdə gəzmək olar.