Əvvəllərdə “Döyçe soldatenhaym” binası ucalan yerdə indi daş-daş üstündə qalmamışdı. Alman və italyan əsgərləri daşları eşələyərək uçulmuş binanın altından meyitləri çıxarırdılar. Əsgərlər birdən-birə daş-torpağın arasından bir əlin uzandığını gördülər. Bu əl yanıb külə dönmüş bir tirdən tutmağa çalışırdı. Onlar təsadüfən diri qalan zabiti tirlərin altından güclə çıxara bildilər. Bu, Otto fon Şults idi. Bir qədər sonra Şults dəlicəsinə bağırmağa başladı. Bu səsi eşidən esesçilər hövlnak özlərini onun yanına atdılar. Əsgərlər Şultsun toz-torpağa bulaşmış kostyumunu təmizlədikcə o, əsgərləri söyüb, kənara itələməyə çalışırdı, sanki baş vermiş hadisəyə onlar bais olmuşdular.
Baş vermiş hadisədən bir saat keçməmişdi ki, Triyestdə hər şey sakitləşib öz yoluna düşdü. Çünki adamlar partlayışlara alışmışdılar. Axı yalnız hitlerçilərin yaşadığı binalar partlayırdı. Dinc əhalinin təşvişə düşməsi üçün heç bir əsas yox idi. Əksinə, onlar hər dəfə partlayış səsi eşitdikdə sevinirdilər.
...Hər tərəf göz işlədikcə dumana bürünmüşdü. Buna baxmayaraq, səhərin açıldığı hiss olunurdu. Dağa dırmaşmaq isə get-gedə çətinləşirdi. Yolçular addımlarını yavaşıtmağa məcbur oldular. Dağlarda yaşayan əhali “Mixaylo” və onun yoldaşlarını səmimiyyətlə qarşılayır, onları südə, qarğıdalı çörəyinə və keçi əti bozartmasına qonaq edirdi.
Partizan briqadasının qərargahı bir neçə gün idi ki, şəhərin kənarında yiyəsiz qalmış malikanədə yerləşirdi. Triyestin dövlətli fabrik sahibkarlarından birinə məxsus olan bu malikanə şəhərdən 70 km aralı, hündür dağın başındakı şam meşəliyində yerləşirdi.
Axşam idi. Malikanənin buxarılarında odun yanır, xüsusi dayaqların üstündə isə partizan çaynikləri və qazanlar qaynayırdı. Oyaq olanlar silahlarını təmizləyir, paltarlarını yamayır, çay içir, üzlərini qırxırdılar. Onlar yatanları oyatmasınlar deyə ehtiyatla və səssiz tərpənirdilər.
Birdən kim isə qapını taybatay açıb qışqırdı:
– “Mixaylo” qayıtdı.
Bütün malikanə hərəkətə gəldi. Bu xəbər salondan-salona, otaqdan-otağa, pilləkəndənpilləkənə keçdi. Bir dəqiqə sonra adamlar “Mixaylo”nun əlini sıxır, qucaqlayır və tez-tez çiyninə vururdular.
Bütün malikanə hərəkətə gəldi. Bu xəbər salondan-salona, otaqdan-otağa, pilləkəndənpilləkənə keçdi. Bir dəqiqə sonra adamlar “Mixaylo”nun əlini sıxır, qucaqlayır və tez-tez çiyninə vururdular.
– İcazə varmı, yoldaş polkovnik? – deyə “Mixaylo” şən bir səslə soruşdu.
Polkovnik cavab vermədi. O, sevinclə gülümsəyərək “Mixaylo”ya yaxınlaşdı, əlinin dalı ilə dodağını sildikdən sonra əvvəlcə bu yanağından, sonra o biri yanağından öpərək oğlanı bağrına basdı.
...Briqadanın vəziyyəti olduqca ağır idi: faşistlər bütün yolları tutmuşdular. Qonşu partizan birləşmələri ilə rabitə kəsilmişdi. Yerli kəndlilərin partizan qərargahını maraqlandıran xəbərləri onlara yetirmək cəhdləri uğursuzluqla nəticələnirdi. Faşistlər onları yaxalayıb başqa kəndlilərin gözü önündə güllələyirdilər.