Necə dolğunlaşmış o gənc şax budaq!
Odur, ölümləri ayaqlayaraq,
Gedir, başında da bir igid dəstə,
Qəti bir hücumla düşmənin üstə.
Qafqazın qəzəbli, iti çovğunu
Saxlaya bilməyir yollarda onu.
Düşmən gülləsindən üfüqlər yanır,
Səhər yaxınlaşır, göy işıqlanır.
Döyür soyuq yellər pəncərələri...
Mən yata bilmirəm axşamdan bəri.
Xəyalın gözləri onu seyr edir,
Bir an ayrılmadan onunla gedir.
Sonra oyanıram düşüncələrdən,
Yalnızam körpəmlə otağımda mən.
Gözümdə bir damla inci göz yaşı...
Dizimin üstündə sevimli başı,
Yatır şirin-şirin gülümsəyərək.
Mən ona baxdıqca açılır ürək.
Könlümə, nədənsə, bir sevinc gəlir.
Sanki fırtınadan sular dincəlir.
Ana qucağında azad, bəxtiyar,
Mənim körpəm kimi azmı körpə var?
Həsrət ağartdısa çox saçları gər,
Dostum, bu çovğunlu, qarlı gecələr
Düşmənlə üz-üzə durmasanız siz,
Rahat yatardımı körpələrimiz?