Mərd analar qapılara çıxıb yaylıq salladılar.
Ey müqəddəs ana, sənin nə qəhrəman xislətin var!
Sən də nişan üzüyünü çıxararaq barmağından
Verdin vətən üçün bu gün, dedin: – Zəlil olsun düşmən.
Gəlir səsin cəbhələrdən, tarlalardan, şaxtalardan.
Qorxu nədir, bilməmisən, nə borandan, nə də qardan.
Həcər sənin doğma qızın, Aşıq Pəri övladındır,
Nər şahinlər oğulların, gənclik sənin qanadındır.
Alqış sənə, şərəf sənə, şöhrətin də aşıb-daşır,
Sən mərd dayan, böyük qadın, sənə mərdlik çox yaraşır!
Mirvarid Dilbazi
RAHAT YATARDIMI KÖRPƏLƏRİMİZ
Gecədir, yatmıram axşamdan bəri
Döyür soyuq yellər pəncərələri.
Otağım işıqlı, istiykən nədən,
Bilmirəm, könüldən üşüyürəm mən?
Gözümdə bir damla inci göz yaşı,
Dizimin üstündə körpəmin başı
Yatır şirin-şirin gülümsəyərək.
Gecədir. Yatmıram. Oturmuşam tək.
Gözümün önündə bu, kimdir durur?!
Xəyallar fikrimi hərdən uçurur,
Çıxarır evimdən məni bir anlıq,
Çöllərə çökmüşdür qatı qaranlıq.
Dağların boranlı yelləri əsir.
Böyük bir ordutək qarşımı kəsir.
Qəlbimə işləyir elə bil sazaq,
Gecənin, zülmətin dəhşətinə bax!
Külək hər addımda qarı sovurur,
Gözlərim önündə bu, kimdir durur?
Getdiyi yollarda qar çıxır dizə,
Azad gün, xoş həyat verməkçin bizə,
O gedir dilində bir söz var: vətən.
İndi tanıyıram sevgilimi mən.
Çox deyil onunla ayrılalı biz,
Dəyişmiş cəbhələr onu tərtəmiz.