Zümrüd gözlərini görsünlər deyə,
Şamlar boy atmışdır, uzanmış göyə.
Keçmişdir onlara qəzəbin niyə,
Düşmüşlərdir səndən aralı, Göy göl?!
Dolanır başına göydə buludlar,
Bəzənmiş eşqinlə çiçəklər, otlar.
Öpər yanağından qurbanlar, otlar,
Ayrılıq könlünü qıralı, Göy göl!
Bir sözün varmıdır əsən yellərə? –
Sifariş etməyə uzaq ellərə...
Yayılmış şöhrətin bütün dillərə,
Olursa, qoy olsun haralı Göy göl!
Əhməd Cavad
AL BAYRAĞA
(ixtisarla)
Gül rəngində bir yarpağın
Ortasında bir hilal!
Ey al bayraq, sənin rəngin
Söylə, neyçün böylə al?!
Hakim olub bir torpağa,
Ona etmək böylə naz
Səndən başqa bir gözələ
Söylə, neyçün yaraşmaz?
Bu bənzəyiş nədən, gözüm,
Şəhidlərin qanına?!
Uğurunda can verənlər
Neyçün qıyar canına?!
Ey sevgili bayrağımın
O dalğalı duruşu!
Sandım, salam rəsmi sana
Buludların yürüşü!
Sən ey hilal, al qoynuna
Aldın göydən yıldızı.
Məftun etdin sən kəndinə,
Ən sevdalı bir qızı!..