Müqayisə xarakterli mətnlərin (inşa, esse, məruzə) hazırlanması, ilk növbədə, yazı bacarığınızın inkişafına əhəmiyyətli təsir edir. Bu iş, həmçinin sizi müstəqil və yaradıcı düşünməyə, öz sözünüzü deməyə istiqamətləndirir.
Belə yazıları yerinə yetirərkən nələrə diqqət etmək vacibdir?
1. İlk növbədə, mövzunun necə ifadə edildiynə nəzər salmaq lazımdır. Mövzunun müqayisə tələb edib-etmədiyini müəyyənləşdirmək çətin deyildir. Belə yazılar üçün müəyyənləşdirilmiş mövzularda, adətən, “müqayisə” sözü işlədilir. Məsələn, “Azad və Fərda obrazlarının müqayisəli təhlili”, “Koroğlu və Bolu bəy surətlərinin müqayisəli səciyyəsi” və s. Esse üçün maraqlı olan “Yurdumuzun baharı və qışı” mövzusunda “müqayisə” sözü olmasa da, müqayisə aparmağın lazım gəldiyini başa düşmək çətin deyildir. Bu, esse üçün plan tərtib edilərkən nəzərə alınmalıdır. Yaxud “Sabirin satiraları”, “S.S.Axundovun yaradıcılığında hekayə janrı” mövzularında hazırlanan məruzələrdə müqayisəsiz keçinmək mümkün deyildir.
2. Sonra plan tərtib edilir. Planın giriş, əsas hissə, nəticədən ibarət olduğunu bilirsiniz. Plan esse üçün şərtidir. Bu yazıda kompozisiya sərbəstliyi planın tələblərindən kənara çıxılmasına səbəb olur.
3. Girişdə mövzu barədə ümumi məlumata, onun işlənməsinin əhəmiyyətinə diqqətin cəlb edilməsi vacibdir. Yaxud mövzu bədii əsərlə bağlı olarsa, girişdə əsər, onun müəllifi barədə yığcam məlumat vermək məqsədəuyğundur.
4. Yazının məzmunu əsas hissəni təşkil edir. Əsas hissədə əhatə olunacaq məsələləri bəndlər şəklində ifadə etmək faydalıdır. Bunu o vaxt uğurla yerinə yetirmək olur ki, müqayisənin hansı əsaslar (əlamətlər) üzrə aparılacağı əvvəlcədən müəyyənləşdirilmiş olsun. Məsələn, Azad və Fərda obrazlarını aşağıdakı əsaslar üzrə müqayisə etmək səmərəli olar:
– Talelərinə, yaşadıqları həyat tərzinə münasibətlərinə görə.
– Xalqa, vətənə münasibətlərinə görə.
– Milli azadlıq hərəkatına münasibətlərinə görə.
– Xarakterlərindəki başlıca cəhətlərə görə.
5. Yazının sonunda nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması vacibdir.
Essenin məzmunca inşadan fərqləndiyini bilirsiniz. Sizə məlumdur ki, ümumiyyətlə, esse şəxsi düşüncələrinizi, hislərinizi dilə gətirməyinizə, bəyan etməyinizə imkan yaradan yazı növüdür. Bu, seçdiyinz sözlərdə, ifadələrdə, qurduğunuz cümlələrdə də əksini tapmalıdır. Sadə cümlələrdən, adlıq cümlələrdən daha çox istifadə etməyinz faydalıdır. Sizə məlum olan bədii təsvir və ifadə vasitələrindən gen-bol yararlanmalı, yazınızın obrazlı olmasına çalışmalısınız. Bütün bunlar yazınıza yeni məzmun və forma verəcək. Beləliklə, yazınız fərqli üslub, yeni keyfiyyət qazanacaq.
Essedə, inşadan fərqli olaraq, sitatlara, faktların, rəqəmlərin sadalanmasına yer vermək məqsədəuyğun sayılmır.
Essenin kompozisiyasında sərbəstliyin olması məqbul hesab edilir, başqa sözlə, onun quruluşuna, inşadan fərqli olaraq, dəqiq meyarlarla yanaşılmır. Məsələn, essedə birbaşa mətləbə keçmək, yazıya əsas məsələyə münasibətin bildirilməsi ilə başlamaq mümkündür. Essedə (müqayisə xarakterli çıxılmaqla) bir fikirdən gözlənilmədən digərinə keçilməsi, başqalarına ziddiyyətli görünən nəticələrin çıxarılması (əlbəttə, bu, məntiqli olmalıdır) nöqsan hesab edilmir. Müqayisə xarakterli essedə müqayisənin xüsusiyyətlərini diqqət mərkəzində saxlamağınız vacib olsa da, hiss və düşüncələrinizin ifadəsində sərbəst olmalısınız.
Əgər esse ədəbi əsərlə əlaqədardırsa, onun mövzusu, ideyası, obrazları, müəllifin qaldırdığı problem barədə şəxsi mövqeyinizi ifadə etməyə səy göstərməlisiniz.