Qiymətləndirmə materialı
Həbib Sahir
SƏHƏND DAĞI
Səhər erkən alaçıqlar qurulmuş
“Qaranqu”nun kənarında, otlaqda.
Şəfəq gülür suda, Səhənd oyanır,
Sədəf rəngli, incə ipək yataqda.
Baxır Səhənd, keçən ilki dostları,
Gülərüzlə, uzaqlardan səsləyir...
O bir dağdır, lakin onun ürəyi,
İnsanlara dərin sevgi bəsləyir.
Deyir: – Gəlin, sürüləri otladın,
Çəmənlərim, çayırlarım sizindir.
Aclıq görüb, korluq çəkən obalar,
Gəlin için, bulaqlarım sizindir.
Sizin üçün yamacları bəzəyib,
Gözəl quşlar bəsləmişəm sizlərə,
Çıraq kimi qızıl lalə yandırıb,
Yaşıl xalı döşəmişəm hər yerə.
Gəlin qurun çadırları, buraxın
Otlasınlar otlaqlarda at, qoyun,
Uşaqlan buraxınız gəzsinlər,
Od yandırıb qaranlıqda, toy tutun.
Sizdən uzaq, qara günlər görmüşəm,
Çox çəkmişəm həsrətizi, bir il var,
Deyin görüm, bu bir ildə nə gördüz?
Nə eşitdiz bu dünyada, obalar?
Gəlin için sularımdan doyunca,
Dağın malı yellərindir, selindir,
Qayalarım, suyum, otum, otlağım,
Ətəyimdə bəslədiyim elindir.