Tanış olduğunuz əsər həm müəllifin – məşhur Amerika yazıçısı Ernest Heminqueyin yaradıcılığında, həm də dünya ədəbiyyatında ən yaxşı əsərlərdən sayılır. Bir müddət Kuba sahillərində yaşayan, teztez balıq ovuna gedən yazıçının canlı müşahidələri nəticəsində yaranan bu əsər həyat hadisələrini, insanların qəlb dünyasını heyrətamiz reallıqla əks etdirən misilsiz bir sənət nümunəsidir.
Həyatda kasıb daxması, sınıq-salxaq qayığı, bir neçə tilovu, yamaqlı balıqçı torundan başqa, heç nəyi olmayan qoca – əsərin qəhrəmanı zəngin mənəviyyat, böyük iradə, tükənməz güc, qüdrət sahibidir. Əsərin əvvəlində balaca balıqçı oğlanla söhbətində onun xarakterinin bəzi cizgiləri aydınlaşsa da, hadisələrin sonrakı inkişafında mənəvi aləminin zənginliyi, möhtəşəmliyi bütün gözəlliyi ilə üzə çıxır.
İnsan taleyi və həyatının mənası ilə bağlı mühüm suallar üzərində düşünməyə sövq edən bu əsər təkrarsız gözəlliyi ilə oxucunu heyran edir. Əsərin üzərində müşahidələrinizi davam etdirin, qoca balıqçının balaca oğlana, dəniz canlılarına münasibətinə, xüsusən düşüncələrinə bir daha diqqət yetirin. Bütün bunlar yazıçının niyyətini, əsərin ideya-məzmununu daha yaxşı anlamağınıza kömək edəcəkdir.
Əsər epik növün povest janrında yazılmışdır. “Povest” rus dilində danışıq, təhkiyə, nağıl etmək mənasında işlənən “povestvovanie” sözündəndir. Hadisələrin təsvir üsuluna görə povestlə hekayə birbirinə bənzəyir. Ədəbiyyatşünaslıqda bu janr bəzən “böyük hekayə” də adlandırılır. Lakin povest bir sıra xüsusiyyətlərinə görə hekayədən fərqlənir; povestdə obrazların sayı hekayədə iştirak edənlərin sayından çox, həyat hadisələrinin əhatə dairəsi geniş, surətlərin təsviri isə daha dolğun və ətraflı olur. Bundan başqa, hadisələr bəzən bir süjet ətrafında birləşən bir neçə xətt üzrə inkişaf etdirilir.
Yazıçının diqqətini cəlb edən başlıca problem nədir? | Siz bu problem barədə nə düşünürsünüz? |