Bərkdən dedi:
– İnsan övladı məğlubiyyət üçün yaranmayıb. Onu məhv etmək olar, məğlub eləmək olmaz...
“Balığı öldürməyimə peşmanam, – heyifsiləndi, – yaxşı bilirəm, bu mənə ucuz başa gəlməyəcək... Həngamənin böyüyü hələ qabaqdadır”.
... Qayıq iki saat idi, üzürdü. Qoca bir azca dincəlmək üçün böyrü üstə uzanmışdı. Özünə gəlib güc toplamaqdan ötrü balığın ətindən çeynəyirdi. Bu ara qayığa yaxınlaşan qoşa köpəkbalığından birini görüb:
– Vay dədə! – deyə dəhşətlə səsləndi.
Bu, elə-belə bağırmaq deyildi, əlinə qəfil mıx batmış adamın tükürpədici fəryadına oxşayırdı.
... Köpəkbalıqları şikarı parçaladıqca qayıq təkanlardan əsim-əsim əsirdi. Qoca heç nə görmürdü, yalnız eşidib duyurdu, düşmənlərini havayı yerə kötəkləyirdi. Birdən toppuzu da yoxa çıxdı.
Onda qoca sükanı dartıb yerindən çıxartdı, qənimlərinə iki əliylə dalbadal zərbə endirməyə başladı. Köpəkbalıqları indi qayığı dörd yandan araya almışdılar. Qaranlıq gecədə suyun üzündə ağaran nəhəng balığın ətini didirdilər. Parçanı qoparan kimi çəkilir, bir də hücuma keçmək üçün dövrə vurub yenidən qənimətə daraşırdılar.
Ən axırda bir köpəkbalığı dairə vurub nəhəng balığın başına sarı üzdü. Qoca artıq hər şeyin bitdiyini anladı. Köpəkbalığı dişlərini nəhəng balığın möhkəm kəlləsinə ilişdirəndə qoca da sükanı onun burnunun üstünə endirdi. Sonra dalbadal bir neçə zərbə vurdu. Sükan şaqqıltı ilə sınıb parça-parça oldu. Qoca əlində qalmış dəstəklə balığı bir də vurdu, dəstək ətə girdi, ikinci zərbəni də eyni yerə tutuzdurdu. Köpəkbalığı sıçrayıb qaçdı. Bu, qayığa sonuncu hücum idi. Artıq yeyiləsi bir şey qalmamışdı.
Qoca zorla nəfəs alırdı. Ağzında mis paxırı dadı verən nəsə şirintəhər bir tam vardı. Qoca bir anlığa qorxdu, ancaq bu halı da tez ötüşdü.
Qoca artıq tamam əzilib məğlub edildiyini anladı. Qayığın arxasına keçib sınıq sükan dəstəyini yerinə taxdı, onun işə yaradığına sevindi, deməli, qayığı idarə eləməyə bir şey vardı. Köhnə kisəni çiyninə salıb oturdu, sahilə yön aldı. Bu saat qoca heç nə duymur, heç nə düşünmürdü, hər şey ona yad olmuşdu. Ondan ötrü hər şey geridə qalmışdı. Bir arzusu vardısa, o da doğma sahilə, evə çatmaq idi. Qayıq yaxşı üzürdü. Gecəyarı bir ayrı sürü də nəhəng balığın skeletinə hücum elədi. Ac qarınqulular daraşıb əvvəlkilərin qabağından qalma sümüyü gəmirirdi. Qoca onları vecinə də almırdı, qayığını sürürdü. Ozü də, qayığı da nəhəng balığın ağır yükündən qurtulmuşdu.
“Gözəl qayıqdır, – özünə təsəlli verdi, – möhkəmdir. Sınıb-eləməyib. Bircə sükanı işdən çıxıb, onu da düzəltmək asandır”.
Qoca balıqçı qayığın isti axına girdiyini duydu. Sahil boyu uzanan qəsəbələrin çıraqları lap yaxın görünürdü. O, harada olduğunu bilirdi, bilirdi ki, bir azdan evə çatacaq...
... Səhər tezdən oğlan komaya baş çəkməyə gəldi, qapıdan boylanıb baxanda qocanın yatdığını gördü... O, qocanın rahat nəfəs aldığını görəndə rahatlandı.
... Balıqçılar sahildə qocanın qayığını araya alıb qayığa bağlı nəhəng balıq skeletinin tamaşasına durmuşdular. Bir balıqçı çırmanıb suya girmişdi, əlindəki iplə balığın boyunu ölçürdü.