Onlar tələsmədən rahat-rahat üzürdülər. Qoca əllərini növbə ilə dənizə salıb şor suda saxlayırdı ki, yaraları tez sağalsın, həm də başı gicəllənməsin. Göydə topa-topa bulud üzürdü. Qoca göyə baxanda küləyin bütün gecə əsəcəyini anladı. Balıqdan bir an belə gözünü çəkmirdi, baxdıqca baxıb özünü inandırmağa çalışırdı ki, gördüyü yuxu deyil, gerçəkdir.
Yola düşəndən bir saat sonra bir köpəkbalığı özünü onlara yetirdi. Yırtıcı elə-belə gəlməmişdi.
...Köpəkbalığı özünü qayığın quyruğuna yetirib həmləyə keçdi. Qoca onun cəhənnəm qapısı kimi geniş açılmış ağzını, dəhşət saçan gözlərini gördü. Köpəkbalığı nəhəng balığın quyruğundan iri bir parça qopardı, alt çənə üst çənəyə dəyəndə dişləri elə şaqqıldadı ki, qoca diksindi. Köpəkbalığının əvvəl başı, sonra da beli sudan çıxdı, yırtıcı ikinci həmləyə keçdi, dişlərinin şaqqıltısı yenə eşidildi. Qoca o dəqiqə nizəni onun təpəsinə, gözlərini birləşdirən xətlə burnundan başına qalxan xəttin kəsişdiyi yerə sapladı. Əslində, xətt-filan yox idi; abı rəngli kələ-kötür yekə kəllə, geniş açılmış iri yırtıcı gözlər, bir də hər şeyi parçalamağa hazır şaqqıldayan çənə vardı. Zərbə endirilən yerdə köpəkbalığının beyni yerləşirdi, ona görə də qoca nizəni qanı axan əlində bərk-bərk tutub düz oranı nişan almışdı. O, bu zərbəni heç nəyə ümid bağlamadan, amma coşqun bir qətiyyətlə, qəzəblə, tükənməz nifrətlə vurmuşdu.
... Qoca didilib eybəcərləşmiş balığına daha baxa bilmirdi. Köpəkbalığı nəhəng balıqdan bir parça qoparanda qocaya elə gəlmişdi ki, yırtıcı onun özünün ətini yeyir.
“Balığıma göz dikəni bax belə öldürərəm, – qoca qürrələndi. – Ömrümdə birinci dəfədir belə yekədişə rast gəlirəm. Doğrudur, bu yaşa çatanacan çoxunu görmüşəm, amma belə nəhəngi qarşıma çıxmayıb... İşim çox yaxşı gedirdi, hayıf! Söz yox, bu gediş uzun sürə bilməzdi.