“Bir az da ud görək, – qoca xəyalən balıqla danışırdı, – yaxşı-yaxşı ud! Elə ud ki, qarmağın ucları gedib düz ürəyinin başına batsın, sonra da suyun üzünə çıx ki, nizəni böyrünə sancım. Oldu, hazırsanmı? Çox yeyəcəksən?”
– Daha bəsdir, – qoca qışqırdı, kəndiri ikiəlli var gücü ilə özünə tərəf dartıb bir yard qədərini geri yığdı, sonra ipi bir neçə dəfə tərpətdi.
Qocanın bütün səyləri boşa çıxırdı. Balıq baş götürüb üzür, üzdükcə qayıqdan uzaqlaşırdı, qoca isə onu bir düymə belə dala qaytara bilmirdi. Balıqçının kəndirləri çox möhkəm idi. O, bunları iri, güclü balıq üçün hazırlamışdı. Kəndiri kürəyinə aşırıb tarıma çəkdi, ətrafa su damcıları səpələndi. Qoca taxta oturacağa çöküb bədənini dala verdi, bütün gücünü topladı. Qayıq yavaş-yavaş şimal-qərbə yön alırdı
Balıq durmadan üzür, qayıq da sakit dənizin sinəsi ilə balıq gedən səmtə gedirdi. Qarmağına yem taxılmış o biri tilovlar da suda idi. Hələlik qocanın əlindən heç nə gəlmirdi.
... Gecəyarısı iki dəniz donuzu mayallaq vura-vura qayığın böyür-başında üzürdü. Qoca onların səsini eşidirdi. Erkək donuz bərkdən, dişisi də astadan fısıldayırdı.
Qoca dedi:
– Yaxşı heyvanlardır. Oynayırlar, zarafat eləyirlər. Qanadlı balıqlar kimi, bunlar da biz insanlara yaxındır.
Qocanın tilova düşən iri balığa yazığı gəldi, düşündü: “Balıq deyil, xalis möcüzədir. Görəsən, nə yaşdadır? Ömrümdə belə güclü balıq tutmamışam, başıma belə oyun açanı olmayıb. Görünür, çox ağıllı balıqdır ki, atlanıb-düşmür. Kəndiri dartsa, ya hoppansa, bir anda məni məhv edə bilər. Ola bilsin, bundan qabaq dönə-dönə qarmağa keçib, indi də istəyir, çarpışmaqla canını ölümdən qurtarsın. Yəqin, qoca ilə təkbətək vuruşduğunu bilmir. Çox iri balıqdır. Görəsən, əti dadlı olsa, bazarda nə qədər pul çıxarar? Yemi götürməyindən bildim ki, erkəkdir. Özünü lap kişi kimi aparır. Heç nədən qorxub eləmir. Görəsən, nə elədiyini bilirmi, yoxsa o da mənim kimi bəxtinin izinə düşüb hara gəldi gedir?”
“Balıq insanın hər cür kələyindən, hiyləsindən, qurduğu tələdən uzaqda, okeanın dərin yerində yaşamaq istəyirdi. Mən isə onu üzə çıxartdım. İnsan nəfəsi dəyməyən bir yerdə indi biz bir-birimizə bağlanmışıq, bir-birimizdən ayrılmazıq. Aramızdakı yaxınlıq günortadan başlanıb. İndi mənə də, ona da heç kim kömək edə bilməz".
Balıq yavaş-yavaş dövrə vurur, qayığa yaxınlaşırdı; o, gözəlliyi, görkəmi ilə qocanı heyran qoymuşdu... Qoca nizəni qapıb bütün gücü ilə balığın döş üzgəcinin altına sapladı...
...Balıq yerindən tərpənmədi. Qoca balığı üç yerindən: burnundan, ortasından, bir də quyruğundan qayığa möhkəm bənd etdi. Balıq o qədər iri idi ki, elə bil qayığın özünü gəminin böyrünə qoşmuşdular.
... İndi balıq əlinin altındaydı; əlləri də, beli də bərk ağrıyırdı – bunlar da yuxu deyil, həqiqət idi. “Əllərim tez sağalacaq, – qoca özünə təsəlli verdi, – yaralarımdan çox qan axıb, ona görə də qanım zəhərlənməz. Şor su yaranı tez sağaldır. Bizim körfəzin lehməli suyu dünyada yaranın birinci məlhəmidir. Bu saat çalışmalıyam ki, huşumu itirməyim, əllərim də işini yaxşı görsün. Hələlik pis üzmürük.